12-ci Bakı Beynəlxalq Qısa Filmlər Festivalının proqramına 18 ölkənin filmləri daxil edilib

 

19-23 noyabr tarixlərində 12-ci Bakı Beynəlxalq Qısa Filmlər Festivalı (BBQFF) keçiriləcək. Festivalın təntənəli açılış mərasimi noyabrın 19-da Nizami Kino Mərkəzində olacaq.

Bu il festivala 72 ölkədən 3217 qısa film göndərilib. Bunlardan 82 film yerli müsabiqəyə təqdim edilib.

Seçim komissiyasının qərarına əsasən, 18 ölkəni (İspaniya, Böyük Britaniya, İtaliya, Türkiyə, Belçika, İran, Rusiya, Portuqaliya və s.) təmsil edən 30 film festivalın beynəlxalq, 26 film isə yerli müsabiqəsində iştirak hüququ qazanıb.

Beynəlxalq müsabiqədə yarışan filmləri tanınmış yazıçı-publisist, ssenarst Orxan Fikrətoğlu, Avropa Kino Akademiyasının üzvü, Ukrayna Film Akademiyasının həmtəsisçisi, kinoprodüser Yuliya Sinkeviç, Avropa Kino Akademiyasının üzvü, Paliç Avropa Film Festivalının proqram direktoru, serbiyalı kinoprodüser Miroslav Moqoroviç, beynəlxalq film festivallarının qalibi, türkiyəli rejissor, ssenarist Erdem Tepegöz qiymətləndirəcək.

Yerli müsabiqənin münsiflər heyətində tərcüməçi, şair Səlim Babullaoğlu, Xalq artisti Mehriban Zəki, kinorejissor Elməddin Alıyev yer alır.

Bu il festival ilk dəfə olaraq “Azərbaycan kinosunda xidmətlərinə görə” “Qızıl nar” mükafatını təqdim edəcək. Mükafat hər il xidmətləri ilə seçilən incəsənət xadimlərinə veriləcək.

Builki yeniliklərdən biri festivalın əsas mükafatı olan “Qızıl nar” heykəlciyinin gənc heykəltəraşlar tərəfindən zövqlə hazırlanmış yeni dizaynda təqdim olunmasıdır. Bundan başqa, Azərbaycan kinosuna yeni gənc rejissorlar qazandıran festivalın builki qaliblərə xüsusi töhfəsi də var. Yerli müsabiqədə “Ən yaxşı bədii film”, “Ən yaxşı sənədli film”, “Ən yaxşı animasiya filmi”, “Ən yaxşı sosial çarx” nominasiyaları üzrə qaliblərə pul mükafatı veriləcək. Yerli müsabiqəsinin ümumi mükafat fondu 5 000 manatdır.

12-ci kinoforumun film proqramı zənginliyi ilə seçilir. Bədii yanaşması ilə fərqlənən, maraqlı, təsirli 73 qısa film tamaşaçıların zövqünü oxşamaqla yanaşı, uzun müddət yaddaşlarda qalacaq.

Festivalın daha bir sürprizi BAFTA (Britaniya Kino və Televiziya Sənətləri Akademiyası) mükafatı namizədlərinin xüsusi nümayişi olacaq. Britaniya Şurası (British Council) ilə əməkdaşlıq nəticəsində BAFTA-nın 2020-2021-ci illərdə nominant və qalib olmuş dörd film yerli tamaşaçılara təqdim olunacaq.

“Dili bizim” proqramı Cənubi Azərbaycanda yaşayan azərbaycanlı rejissorların ana dilimizdə çəkdikləri filmlərə işıq tutacaq.

Festivalda yer alan yerli və xarici qısa filmlər 5 gün müddətində saat 12:00-dan Nizami Kino Mərkəzində nümayiş olunacaq.

Qaliblərin mükafatlandırılması mərasimi noyabrın 23-də saat 19:00-da Nizami Kino Mərkəzində keçiriləcək.

Kann, Venesiya, Berlin festivallarında, “Oskar”da mükafat və uğur qazanmış filmləri ölkəmizə gətirən Bakı Beynəlxalq Qısa Filmlər Festivalı hazırda Azərbaycanın uzunömürlü kinoforumudur

Hər il dünyanın müxtəlif ölkələrindən göndərilən 2000-dən çox film arasından ən maraqlıları seçilərək festivalın proqramına daxil edilir.

BBQFF-nin məramı ölkəmizdə kinematoqrafın təməllərindən hesab olunan qısa filmlərə marağın artırılması, gənc kinematoqrafçıların həvəsləndirilməsi və onlara dəstək verilməsidir.

“CINEMA” Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festival Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə keçirilir.

Festivalın dəstəkçiləri sırasında Nizami Kino Mərkəzi, “Azərbaycanfilm” Kinostudiyası, Dövlət Film Fondu, Azərbaycan Prodüserlər Gildiyası, ÖZ FİLM şirkəti, British Council yer alır.

“Space” teleradio şirkəti, AvtoFM, “Trend” informasiya agentliyi, “Teleqraf Holdinq” , Kulis.az portalı, “Mədəniyyət” qəzeti, Kinobiz platformaları festivalın media tərəfdaşıdır.

Əlaqə üçün:

Bakı Beynəlxalq Qısa Filmlər Festivalının Təşkilat Komitəsi

(+994 55) 221-20-41

www.filmfestival.az

office@filmfestival.az