“Türk Dövlətləri Təşkilatının təkcə ölkələrimiz üçün deyil, dünya üçün də önəmi artacaq”


Xəbər verdiyimiz kimi, noyabrın 12-də İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) VIII Zirvə Görüşü keçirilib. Sammit türkdilli dövlətlərin əməkdaşlığının gücləndirilməsi istiqamətində mühüm qərarların qəbulu ilə əlamətdar olub.

Zirvə görüşündə Türk Şurasına üzv dövlətlərin başçıları – Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, eləcə də 2018-ci ildən təşkilatın müşahidəçi üzvü olan Macarıstanın Baş naziri Viktor Orban və müşahidəçi üzv kimi quruma yeni qoşulan Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov iştirak ediblər.

Xatırladaq ki, Türk Şurasının 7-ci sammiti 2019-cu il oktyabrın 15-də Bakıda keçirilmişdi. Ötən müddətdə quruma sədrlik edən Azərbaycan estafeti Türkiyəyə təhvil verib.

İclası açan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zirvə görüşünün əlaqələrimizdə yeni mərhələ açacağına əminliyini ifadə edib. “Siyasi və ictimai həmrəylik kimi, iqtisadi və ticari əlaqələri də gücləndirmək lazımdır” deyən Türkiyə Prezidenti hazırda türkdilli ölkələr arasındakı ticarət dövriyyəsinin 21 milyard dollar təşkil etdiyini bildirib, qarşılıqlı sərmayələrin əhəmiyyətini, bu sahədəki maneələrin aradan qaldırılmasının vacibliyini vurğulayıb.

Zirvə Görüşünün “Rəqəmsal dövrdə yaşıl texnologiyalar və ağıllı şəhərlər” mövzusuna həsr olunduğunu deyən Rəcəb Tayyib Ərdoğan bu baxımdan Azərbaycanın işğaldan azad olunmuş Zəngilan rayonunda görülən quruculuq işlərindən bəhs edib, digər üzv ölkələrdə də bu xüsusda təqdirəlayiq fəaliyyətlərin olduğunu deyib. Türkiyə Prezidenti qlobal istiləşmə, həmçinin terrorizmlə mübarizədə səylərin birləşdirilməsinin əhəmiyyətini də qeyd edib.

Daha sonra Prezident İlham Əliyevin Türk Şurasının ən yüksək mükafatı – “Türk Dünyasının Ali Ordeni” ilə təltif olunması barədə liderlərin ortaq qərarını diqqətə çatdıran Rəcəb Tayyib Ərdoğan ordeni Azərbaycan rəhbərinə təqdim edib.

Türkiyə Prezidenti qeyd edib ki, Azərbaycan Prezidentinin qətiyyətli rəhbərliyi ilə Qarabağda təxminən otuz il davam edən işğala 44 gün kimi qısa müddətdə son qoyulub. “Bu, təkcə azərbaycanlı qardaşlarımız üçün deyil, bütün Türk dünyası üçün böyük əhəmiyyət daşımaqdadır. Vətən müharibəsi nəticəsində illərdir tətbiq olunmayan BMT Təhlükəsizlik Şurasının qətnamələri həyata keçirilmişdir. Azərbaycan bu yolla beynəlxalq ictimaiyyətin yaddaşına ədalət mesajını həkk etmişdir.

Azərbaycanın ərazi bütövlüyünü yenidən təmin etməsi Türk dünyasının birliyini və bərabərliyini genişləndirmişdir. Qarabağın azadlığının rəmzi olan xarıbülbül Türk dünyası üçün Zəfərin müjdəçisi olmuşdur.

Qarabağ Zəfəri ilə təkcə işğal altındakı torpaqlar azad edilməyib, eyni zamanda, bölgəmizdə həsrətini çəkdiyimiz davamlı sülh, sabitlik və əməkdaşlığa gedən yolun da önü açılıb”, – deyə Ərdoğan vurğulayıb.

Zirvə görüşündə çıxış edən Prezident İlham Əliyev ilk növbədə bu yüksək mükafata görə dərin təşəkkürünü bildirib: “Bu, mənim üçün böyük şərəfdir, eyni zamanda, böyük məsuliyyətdir. Mənim sevincimi ikiqat edən odur ki, bu Ali Ordeni mənə Türk Şurasına üzv ölkələrin dövlət başçıları təqdim edirlər. Onların imzası ilə və əziz Qardaşım, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə bu yüksək mükafat mənə verilir. Qeyd edilir ki, bu, Qarabağın azad edilməsi işində göstərdiyim səylərə və türk birliyinin daha da güclənməsi işinə töhfələrimə görə verilir. Bu, türk dövlətləri tərəfindən mənim işimə, mənim fəaliyyətimə verilən çox yüksək mükafatdır, yüksək qiymətdir. Buna görə də mən bütün Azərbaycan xalqı adından çox dərin təşəkkürümü bildirirəm. Çünki mən belə zənn edirəm ki, bu mükafat bütün Azərbaycan xalqına verilmiş mükafatdır”.

Dövlət başçısı vurğulayıb ki, İkinci Qarabağ savaşında göstərdiyimiz əzmkarlıq, iradə, rəşadət bizi böyük Zəfərə gətirib çıxardı: “Onu da bildirməliyəm ki, bunu hər kəs görür, bizə əlavə güc verən əziz Qardaşım Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarından başlayaraq son dəqiqələrinə qədər bizə göstərdiyi dəstək və mənəvi dayaqdır. Çünki biz bu dəstəyi hiss edərək, onun sözlərinə qulaq asaraq özümüzü daha da güclü hiss etdik. Çünki hörmətli Cümhurbaşqanı demişdir ki, Azərbaycan bu savaşda tək deyil. Türkiyə Azərbaycanın yanındadır və hər zaman yanında olacaqdır və bu, bizə əlavə güc verdi. Bu, bəzi qüvvələri – Ermənistan himayədarlarını bu savaşdan kənarda tutdu və bizə imkan verdi ki, biz bu şərəfli missiyamızı yerinə yetirək”.

Azərbaycan Prezidenti qeyd edib ki, Türkiyənin inkişafı, Türkiyədə sabitliyin təmin olunması bütün Türk dünyası üçün önəmli şərtdir. Çünki Türk dünyasının mərkəzində dayanan güclü Türkiyə dövlətidir. Bizə, hər birimizə əlavə güc verən Türkiyənin güclənməsidir. “Mən çox şadam ki, bu gün biz türk dövlətləri arasındakı birlikdən danışarkən gələcəyə baxırıq. Çünki bizim gələcəyimiz, birgə gələcəyimiz üçün çox möhkəm zəmin var, möhkəm təməl var. Bu, bizim ortaq köklərimizdir, dilimizdir, dinimizdir və ortaq maraqlarımızdır”, – deyə İlham Əliyev əlavə edib.

Prezident bildirib ki, budəfəki zirvə görüşünün çox böyük tarixi əhəmiyyəti var: “İlk növbədə, ona görə ki, biz Şuramızı təşkilata çeviririk və bu təşkilatın çox gözəl gələcəyi var. Çünki bu təşkilatın təməlində təbii müttəfiqlər yerləşir və həm tarix, həm mədəniyyət, həm bizim ənənələrimiz, bizim adət-ənənələrimiz, bax, bu, birliyi diktə edir. Əminəm ki, Türk Dövlətləri Təşkilatının təkcə ölkələrimiz, xalqlarımız üçün deyil, dünya üçün önəmi bundan sonra da artacaq. Çünki bizim işbirliyimiz səmimidir, biz hamımız qardaşıq, bir-birimizə qardaş deyirik, biz hamımız ənənəvi dəyərlər üzərində ölkələrimizi inkişaf etdiririk. Bizim xalqlarımız arasındakı birlik, qardaşlıq gündən-günə möhkəmlənir və biz bu gün böyük coğrafiyanı əhatə edirik, böyük iqtisadi, siyasi, hərbi gücü bu coğrafiyada ehtiva edirik”.

Dövlət başçısı qeyd edib ki, son iki il ərzində önəmli hadisələrdən biri Türkmənistanın təşkilata müşahidəçi qismində qoşulmasıdır: “Bizim türkmən qardaşlarımızı da ürəkdən salamlayırıq və bu, çox önəmli addımdır. Eyni zamanda, Bakı Zirvəsində Özbəkistan bizim Şuraya üzv oldu, bu da çox önəmli hadisədir. Mən xatırlayıram, 2009-cu ildə Naxçıvan Zirvə Görüşündə o vaxt Naxçıvan sazişi imzalanmışdı. Onu dörd lider imzalamışdı. Amma bu gün bizim sayımız 7-yə çatıb. Bu, onu göstərir ki, bizim təşkilatımız çox cəlbedicidir və əminəm ki, hər bir üzv və hər bir müşahidəçi bundan sonra da bir nöqtəyə vuraraq bizim gücümüzü artıracaqdır”.

Bu günlər Azərbaycan xalqının Qarabağın azad olunmasının birinci ildönümünü sevinclə və qürurla qeyd etdiyini deyən İlham Əliyev bildirib ki, bu Zəfər tarixi əhəmiyyət daşıyır: “Biz təxminən 30 illik işğala son qoyduq. Birləşmiş Millətlər Təşkilatının 1993-cü ildə qəbul etdiyi və kağızda qaldığı qətnamələri yerinə yetirdik, icra etdik. Tarixi ədaləti bərpa etdik, beynəlxalq hüququ bərpa etdik, milli ləyaqətimizi bərpa etdik”.

Azad edilmiş torpaqlarda başlanan bərpa-quruculuq işlərindən bəhs edən Azərbaycan Prezidenti bu işlərdə Türkiyənin bir çox şirkətlərinin çalışdığını deyib. Dövlət başçısı həmçinin Füzuli rayonunda məktəb inşasına vəsait ayıran Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə təşəkkürünü bildirib: “Məktəbin layihəsi bizə təqdim edildi və bu, növbəti həmrəylik, dostluq, qardaşlıq addımıdır və Azərbaycan xalqı bunu çox qiymətləndirir”.

Prezident İlham Əliyev daha sonra deyib: “Biz indi böyük bərpa işləri ilə məşğuluq. Eyni zamanda, İkinci Qarabağ savaşının nəticələri bölgə üçün yeni imkanlar açır. O cümlədən hesab edirəm ki, nəqliyyat baxımından Zəngəzur koridorunun açılması bütün bölgə üçün yeni imkanlar açacaqdır. Ümid edirəm, öz işğalçılıq siyasətinə görə məğlub vəziyyətdə olan Ermənistan da gec-tez anlayacaq ki, heç bir ölkəyə ərazi iddiası onlara xeyir və şərəf gətirməyəcək. Ümid edirəm ki, yaxın gələcəkdə Ermənistanın həm Türkiyəyə, həm Azərbaycana ərazi iddialarına son qoyulacaq. Əks təqdirdə onlar daha da pis duruma düşə bilərlər. Zəngəzur koridoru isə həm Türk dünyasını, həm Avropanı, həm qonşularımızı birləşdirə biləcək bir layihədir və bu gün bu layihənin gerçəkləşməsi istiqamətində fəal işlər gedir”.

Sammitdə çıxış edən liderlər Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbə, son illərdə əldə etdiyi nailiyyətlər, həmçinin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına ikiillik uğurlu sədrliyi münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər, təşkilatın gələcəyi ilə bağlı fikirlərini bölüşüblər.

Zirvə görüşündə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adının “Türk Dövlətləri Təşkilatı”na dəyişdirilməsi, Türkmənistana Türk Dövlətləri Təşkilatında müşahidəçi statusunun verilməsi, Türk Dövlətləri Təşkilatının Əlişir Nəvai adına Beynəlxalq Mükafatı haqqında, Türk Dövlətləri Təşkilatının İnvestisiya Fondunun yaradılmasının tamamlanması haqqında və digər məsələlərə dair qərarlar qəbul olunub, “Türk dünyasına baxış – 2040” sənədi və sammitin bəyannaməsi imzalanıb.