Federasiyanın idarə heyətinin sədri Vasif Eyvazzadə Londonda görüşlər keçirib


Mədəniyyət Nazirliyi Aparatının rəhbəri, Azərbaycan Yaradıcı Sənayelər Federasiyası idarə heyətinin sədri Vasif Eyvazzadə Londonda səfərdə olub, bir sıra görüşlər keçirib.

Britaniya Şurasının (British Council) direktor müavini Cortina Butler ilə görüşdə qarşılıqlı əməkdaşlıq, “Creative spark”, “Crafting future” proqramları, yaradıcı sənayelərin inkişafı barədə fikir mübadiləsi aparılıb.

V.Eyvazzadə Britaniya Şurasının Bakı ofisi vasitəsilə xüsusilə ölkəmizdə yaradıcı sənayelərin inkişafına dəstəyin yüksək qiymətləndirildiyini, bu çərçivədə daha dərin əməkdaşlığa maraqlı olduğumuzu vurğulayaraq, ötən ay Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının təsis edilməsinin də bu əməkdaşlığın töhfəsi olduğunu deyib. Bildirib ki, Azərbaycan Yaradıcı Sənayelər Federasiyası ilə Birləşmiş Krallığın Yaradıcı Sənayelər Federasiyası və “Kreativ İngiltərə” Təşkilatı ilə əməkdaşlığın qurulması üçün ilk addımlar atılıb.

Cortina Butler Azərbaycanla hərtərəfli əməkdaşlığın səviyyəsindən məmnunluğunu bildirərək Yaradıcı Sənayelər Federasiyasının yaradılmasının bu sahənin biznes olaraq inkişaf etdirilməsinə, təşkilatlanmaya böyük dəstək ola biləcəyinə inandığını qeyd edib. V.Eyvazzadə söhbət əsnasında Azərbaycanın BMT Sivilizasiyalar Alyansı ilə birgə postkonflikt dövründə “Mədəniyyət naminə sülh” qlobal kampaniyasını elan etdiyini diqqətə çatdırıb və dekabrın 2-də kampaniyanın tərəfdaşlar forumunun keçiriləcəyi barədə məlumat verib. Britaniya Şurasının dünyanın 100-dən çox ölkəsində fəaliyyət göstərdiyi nəzərə alınaraq, sülh və mədəniyyət ideyalarının yayılması üçün bu təşkilatla da əməkdaşlığa və tərəfdaşlığa hazır olduğumuz vurğulanıb.

C.Butler bu təşəbbüsü yüksək qiymətləndirdiyini və bununla bağlı daha çox məlumat əldə etdikdən sonra təşkilatın mövqeyini bildirəcəyini deyib.

Səfər çərçivəsində Vasif Eyvazzadə Britaniya Kitabxanasında əqli mülkiyyət və biznesin inkişafı sahələrinə rəhbərlik edən İsabel Osvel ilə də görüşüb.

Görüşdə İ.Osvel kitabxananın inklüziv, tədqiqat və biznes mərkəzə çevrildiyini bildirərək kitabxana nəzdində yaradılmış Biznes və İP Mərkəzinin fəaliyyəti barədə təqdimat edib. Qeyd edib ki, burada həm startaplar, həm də xarici ölkələrdə bizneslə məşğul olmaq istəyənlər üçün xüsusi təqdimatlar və görüşlər təşkil edilir. Ziyarətçilər xarici ölkələrin biznes mühiti və onu tənzimləyən qanunvericilik, vergi siyasəti barədə burada ətraflı məlumat əldə edə bilərlər.

Daha sonra Britaniyanın ən innovativ və rəqəmsal təşkilatlarından biri olan “Catapult” şirkəti ilə tanışlıq təşkil edilib. Şirkətin rəhbəri təşkilat olaraq innovativ və rəqəmsal həllər təklif etdiklərini və nəticə etibarilə iş və biznesin sürətlənməsinə təkan verdiklərini diqqətə çatdırıb.

Görüşlərdə İngiltərə Yaradıcı Sənayelər Federasiyasının qurucularından olan Con Nyubig iştirak edib, Azərbaycan Yaradıcı Sənayelər Federasiyası ilə gələcək əməkdaşlıq perspektivləri barədə fikirlərini bölüşüb.