“Xalqımızın irsini, adət-ənənələrini əks etdirən tədbirləri Qarabağda da təşkil edəcəyik”


Noyabrın 15-də Qobustan Milli Tarix-Bədii Qoruğunda “Yurdda bayram” adlı tərəkəmə festivalı keçirildi. Mədəniyyət Nazirliyi və Qobustan Milli Tarix-Bədii Qoruğunun təşkilatçılığı ilə gerçəkləşən festivalın məqsədi tərəkəmələrin zəngin elat mədəniyyətini təbliğ etmək, ictimaiyyəti onların həyat tərzi ilə bağlı məlumatlandırmaqdır.

Tədbirdə Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Qazaxıstanın və Hindistanın ölkəmizdəki səfirləri Serjan Abdıkarimov və Bavitlunq Vanlalvavna, digər rəsmi şəxslər, Vətən müharibəsi qaziləri və ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Festival gənc aktyorlar tərəfindən “Yurd” adlı musiqili kompozisiyanın nümayişi ilə başlandı.

Mədəniyyət naziri Anar Kərimov çıxış edərək qonaqları salamladı. Bildirdi ki, hər bir ölkənin gələcəyi üç əsas amildən asılıdır: “Birincisi gücdür ki, 44 günlük Vətən müharibəsində gücümüz sayəsində torpaqlarımızı işğaldan azad etdik. Biz bir daha göstərdik ki, Azərbaycan xalqı heç vaxt torpaqlarımızın işğal altında qalması ilə barışmayacaq”.

Nazir qeyd etdi ki, ölkənin gələcəyini müəyyən edən digər mühüm amil elm, təfəkkür və xalqın böyük dühalarıdır: “Bildiyiniz kimi, ölkə başçısının müvafiq sərəncamı ilə bu il Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilib. Bu sərəncam bir daha göstərir ki, Azərbaycan öz mütəfəkkir və şairlərinə böyük önəm verir. Üçüncü amil mədəniyyətimizdir. Bugünkü tədbir məhz onun göstəricisidir. Bu tədbirlərin mütləq davamı gələcək. Xalqımızın irsini, qədim adət-ənənələrini əks etdirən belə tədbirləri işğaldan azad edilmiş torpaqlarımızda, Qarabağda da keçirəcəyik. Bu cür tədbirlərin təşkili ölkəyə turistlərin cəlb olunmasına da kömək edir”.

Anar Kərimov bayram tədbirində Vətən müharibəsi qazilərinin də iştirak etməsindən məmnunluğunu bildirdi: “Allah qazilərimizə şəfa versin, şəhidlərimizə rəhmət eləsin”.

Sonra söz festivalın musiqili iştirakçılarına verildi. Əməkdar artistlər İlkin Əhmədov, Nigar Şabanova, həmçinin Aşıq Əli, müğənnilər Amil Həsənoğlu, Vüsal Hacıyev və digərləri vətənpərvər ruhlu ifaları ilə festival iştirakçılarına xoş anlar yaşatdılar.

“Cəngi” sədaları altında kəndirbazlar və pəhləvanlar öz məharətlərini göstərdilər.

Qonaqlar tərəkəmə obası ilə tanış oldular. “Yurdda bayram”da xalçaçılıq, zərgərlik məhsulları, tərəkəmələrin məişətini, təsərrüfatını əks etdirən nümunələr və milli geyimlərdən ibarət sərgilər təşkil olunmuşdu. Eyni zamanda xeyriyyə məqsədilə Daun sindromlu uşaqların əl işlərindən ibarət satış-sərgi də keçirilirdi.

Tərəkəmələrin maldarlıq təsərrüfatına aid heyvanlardan ibarət təmaslı mini zooparkla tanışlıq və uşaqlar üçün təşkil olunmuş “Oxatma meydançası” festival iştirakçıları tərəfindən maraqla qarşılandı.

Sonda qonaqlar festival meydanında qurulmuş çadırlarda tərəkəmə süfrəsinin yeməklərindən daddılar.

Qeyd edək ki, əsas məşğuliyyətləri heyvandarlıq olan tərəkəmə tayfaları yazın axırları, yayın əvvəllərində yaylaqlara, payızda isə arana – qışlaqlara köçürlər. Qobustan qoruğu ərazisində və ondan kənarda yerləşən qədim qışlaqlar təxminən 5 minillik tarixi – yaylaq-qışlaq maldarlarının həyat tərzini əks etdirir. Burada aparılan tədqiqatlar da onu göstərir ki, Tunc dövründən etibarən Qobustanda qayaüstü təsvirlər məhz belə qışlaqlarda yaşayan elatlar tərəfindən yaradılıb.

NURƏDDİN