Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən turizmin inkişafı və yeni turizm marşrutlarının yaranmasına gətirib çıxaracaq yol infrastrukturu layihələrinin icrası həyata keçirilir. Bu çərçivədə Ağstafa rayonundakı “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğuna gedən yeni avtomobil yolunun inşası davam etdirilir.
AAYDA-dan verilən məlumata görə, “Keşikçidağ” qoruğuna çəkilən yeni yol başlanğıcını Ağstafa-Poylu-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 38-ci km-dən götürür. II texniki dərəcəyə uyğun olaraq inşa edilən avtomobil yolunun uzunluğu 32 km təşkil edir. Layihə çərçivəsində yolun torpaq yatağının eni 15 metr, asfalt-beton örtüyünün eni 9 metrdir.
Hazırda zəruri materialdan istifadə olunmaqla yeni yol əsasının inşası, yol əsası hazır olan hissələrə isə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.
Layihənin sonuncu mərhələsində avtobus dayanacaqlarının inşası, avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədilə yol nişanı, km göstəricisi və məlumatverici lövhələrin, həmçinin siqnal dirəklərinin quraşdırılması işlərinin aparılması da nəzərdə tutulur.