Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən “Orta əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu və “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Zəfər qəhrəmanları” sərgisi açılıb.
Qoruğun direktoru, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli bildirib ki, sərgidə Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinə və iştirakçılarına məxsus geyimlər, mülki və hərbi əşyalar, fotolar, sənədlər, medallar və sair eksponatlar nümayiş olunur. Qeyd edib ki, qoruq əməkdaşları və ictimai birliyin üzvləri Ağsu şəhərində və kəndlərdə, Bakı və Sumqayıt şəhərlərində yaşayan şəhid ailələri ilə görüşüb, onlardan övladları haqqında məlumatlar toplayıblar. Sərginin əsas hissəsini Ağsu rayonundan 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan 34 nəfərin əşyaları, foto və sənədləri təşkil edir.
AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda Albanşünaslıq Mərkəzinin rəhbəri, professor Qafar Cəbiyev, Azərbaycan Texniki Universitetinin professoru Şikar Qasımov, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nümayəndəsi Fariz Hüseynli, Ağsu Rayon İcra Hakimiyyətinin əməkdaşı Bəxtiyar Məmmədov çıxış edərək Vətən müharibəsindən, müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbədən, Ordumuzun şücaətindən bəhs ediblər, sərginin vətənpərvərlik, qəhrəmanlıq tariximizin yaşadılması baxımından əhəmiyyəti vurğulanıb.
Şəhid ailələrinin üzvləri Şölə Vahabova, Əsli Təhməzova, Könül Quliyeva, Fəxriyyə Xəlilova, Narınc Məlikova, Habil Cəbiyev, Namiq Cəfərov, Mirzə Şamilov, Əfsanə Ələkbərova şəhidlərlə bağlı xatirələrini bölüşüb, sərginin təşkilatçılarına təşəkkürlərini bildiriblər.
Sonra sərgiyə baxış keçirilib. Sərgi ilin sonunadək ziyarətçilər üçün açıq olacaq.