12 min musiqiçi Çaykovskinin “Slavyan marşı”nı ifa edib
Venesuelanın paytaxtı Karakasın mərkəzində 12 min nəfərlik simfonik orkestr “Ginnesin rekordlar kitabı”nın təmsilçilərinin iştirakı ilə Pyotr Çaykovskinin “Slavyan marşı”ını ifa ediblər.
Tədbirin təşkilatçıları bu ifanın “Ginnesin rekordlar kitabı”na düşəcəyinə əminliklərini bildiriblər.
Kitaba düşmək üçün əsas şərt bütün musiqiçilərin əsəri eyni vaxtda minimum 5 dəqiqə öz alətində ifa etməsidir. Rekord cəhdinin nəticəsi 10 gün ərzində elan ediləcək.
Venesuelanın mədəniyyət naziri Ernesto Vilyeqas bu ifanı “ilin ən yaxşı sonluğu” və “Venesuelanın mədəni qüdrətinin təsdiqi” adlandırıb: “Bizim övladlarımız və gənclər bütün dünyaya bəyan edirlər ki, Venesuela pozitivə köklənib və öz amalını tarixi əhəmiyyətə malik musiqinin vasitəsilə dünyaya çatdırır”.