Gürcüstanın kurort şəhəri Batumi “musiqi” kateqoriyası üzrə UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə daxil edilib.
Batumi Gürcüstanda bu statusu qazanan və Yaradıcı Şəhərlər Şəbəkəsinə daxil olan ilk şəhərdir. “Bu ad Batuminin yaradıcılıq və mədəni sənayenin güclənməsinə töhfə verəcək ən yaxşı təcrübəni bölüşməyə və əməkdaşlığı gücləndirməyə hazır olmasını nəzərdə tutur”, – deyə məlumatda bildirilir. Şəhər UNESCO-nun təşkilatçılığı ilə keçirilən tədbir və layihələrdə iştirak etmək hüququ qazanacaq.
Batumi ilə bərabər “musiqi şəhəri” statusunu Qlazqo, Kinqston, Liverpul, Oklend kimi şəhərlər də qazanıb.
Qeyd edək ki, UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsi 2004-cü ildən mövcuddur və hazırda 90 ölkənin 295 şəhərini media-art, musiqi, kinematoqrafiya, qastronomiya, dizayn, folklor, əl işləri və xalq mədəniyyəti istiqamətində bir araya gətirir.