Dahi Azərbaycan şairi və mütəfəkkirinin 880 illiyi münasibətilə 15 noyabrda başlayan, Bakı və Gəncə şəhərlərində keçirilən Nizami Gəncəvi Beynəlxalq Festivalı müxtəlif tədbirlər, konsert proqramları ilə davam edir.

Noyabrın 16-da festival çərçivəsində Nizami yurdunda daha bir musiqi gecəsi Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında gerçəkləşib.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, Türkiyə Cümhuriyyətinin

Gəncədəki Baş Konsulu Zeki Öztürk, idarə və müəssisələrin rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə filarmoniyanın qarşısında Gəncə Dövlət Dram Teatrı aktyorlarının ifasında Nizami Gəncəvinin poemalarının motivləri əsasında “Xəmsə” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Sonra Gəncə Dövlət Filarmoniyasının “Xəmsə” estrada ansamblı konsert proqramı ilə çıxış edib.

Konsertdən sonra mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev və Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztürk çıxış edərək festivalın əhəmiyyətini vurğulayıb, incəsənət ustalarına təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, 15-26 noyabr tarixini əhatə edən Nizami Gəncəvi Beynəlxalq Festivalı Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Gəncə Şəhər İcra Hakimiyyəti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə keçirilir.