Kitab bayramı “Nizami Gəncəvi İli”nə həsr olunub

 

Noyabrın 26-dan 28-dək Gəncə Dövlət Filarmoniyasının Urban Mərkəzində  I Gəncə Kitab Sərgisi təşkil olunacaq. Sərgi “Azərbaycan Nəşriyyatları” İctimai Birliyinin (ANİB) təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Gəncə Regional Mədəniyyət İdarəsi, Gəncə Şəhər İcra Hakimiyyəti və Gəncə İctimai İştirakçılıq Məclisinin dəstəyi ilə keçiriləcək.

“Nizami Gəncəvi İli”nə həsr olunan sərgidə ölkənin 30-dan artıq nəşriyyatı və 10-dan çox kitab evi iştirak edəcək.

Kitab bayramında nəşrlərə 50 faizədək endirim tətbiq olunacaq, məşhur şair və yazıçıların iştirakı ilə təqdimatlar, imza mərasimləri, şeir gecələri, uşaqlar üçün “nağıl saat”ları, rəssamların, müxtəlif sənət nümayəndələrinin əsərlərindən ibarət sərgi və musiqi proqramları keçiriləcək.

ANİB-in innovativ layihəsi olan “Öz kitabını sat” guşəsi kitabını təqdim etmək istəyən müəlliflər üçün nəzərdə tutulub. Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə həyata keçirdiyi “Qarabağa kitabla gedirik” layihəsinin stendində isə işğaldan azad edilmiş ərazilərimizdə yaradılacaq kitabxana fondlarına dəstək məqsədilə kitablar toplanacaq.

ANİB-in sədri, “Hədəf” Şirkətlər Qrupunun baş direktoru Şəmil Sadiq ölkənin ən yaxşı nəşriyyatlarının iştirak edəcəyi bu tədbirdə Gəncə kitabsevərlərinin aktivlik göstərəcəyinə inandığını bildirib: “Oxucular yeni kitablarla tanış olacaq, endirimlərdən yararlanacaqlar. Ən təbii istəyimiz “Nizami Gəncəvi İli”ndə, Nizami yurdunda möhtəşəm kitab bayramı təşkil edərək yerli kitabsevərləri sevindirməkdir”.

I Gəncə Kitab Sərgisi təşkilat qrupunun rəhbəri, “Parlaq imzalar” nəşriyyatının direktoru Nurman Tariq isə kitabı paytaxtdan kənara çıxarmağın əhəmiyyətini vurğulayıb: “ANİB tərəfindən 30-31 oktyabr tarixlərində Sumqayıt şəhərində təşkil olunmuş kitab sərgisi anşlaqla yadda qaldı və bu sərgi sübut etdi ki, bölgələrimizdə də kifayət qədər oxucu var, sadəcə, kitab onlar üçün əlçatan deyil. Bunun üçün də ANİB olaraq hədəfimiz nəşriyyat və yazıçılarla birlikdə bölgə-bölgə gəzmək, kitabı bölgələrimizə yaymaqdır”.

NURƏDDİN