Ölkəmizin qonaqpərvərlik imkanları 16-18 noyabrda Qətərin paytaxtı Dohada keçirilən “Qatar Travel Mart” sərgisində təqdim olunub. Dövlət Turizm Agentliyindən bildirilib ki, Azərbaycana həsr olunan panel sessiya keçirilib.

Sessiyada çıxış edən Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid “Postpandemiya dövründə turizm sənayesinin bərpası” mövzusunda çıxış edərək ölkəmizin turizm potensialı, Qarabağın yeni turizm destinasiyasına çevrilməsi planları, Yaxın Şərq ölkələri üzrə aparılan rəqəmsal təbliğat kampaniyaları haqqında məlumat verib.

O, Qətərin Azərbaycan üçün hədəf turizm bazarlarından biri olduğunu vurğulayaraq bu ölkə ilə vizanın ləğvindən sonra yaranan yeni əməkdaşlıq imkanlarından bəhs edib. 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatına gələcək azarkeşlərdə Azərbaycana da marağı təşviq etmək üçün turistik paketlərin hazırlanmasının mümkünlüyü  diqqətə çatdırılıb.

Azərbaycanın Qətərdəki səfiri Rəşad İsmayılov stendimizi ziyarət edib və təbliğat materialları ilə tanış olub.

İlk dəfə keçirilən “Qatar Travel Mart” sərgisi turizm üzrə ixtisaslaşmış beynəlxalq, regional və milli təşkilatları, hava yolları şirkətləri, turoperatorlar, turizm agentlikləri, hotelçilər və onlayn səyahət şirkətlərini bir araya toplayıb. Sərgiyə 30-dan çox ölkədən turizm sənayesinin təmsilçiləri qatılıb.

Qeyd edək ki, Qətər Azərbaycanın pandemiya ilə bağlı səfər məhdudiyyətlərinin götürüldüyü 65 ölkə arasında yer alır. Oktyabr ayında viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında sazişin imzalanması ilə iki ölkə arasında səyahət daha da asanlaşıb.