Noyabrın 18-də Azərbaycan Yazıçılar Birliyində (AYB) Kürdəmir Regional Mədəniyyət İdarəsinin (RMİ) dəstəyi ilə nəşr olunan “Nizami Gəncəvinin poetik portreti” və “Nizami Gəncəvinin əsərlərinin el variantları” kitablarının təqdimatı keçirilib. Tədbirdə Mədəniyyət Nazirliyinin əməkdaşları, tanınmış ədəbiyyatşünas və yazarlar iştirak ediblər.

AYB-nin mətbuat katibi Xəyal Rza giriş sözü ilə tədbiri açaraq “Nizami ili” münasibətilə işıq üzü görən kitablar haqqında məlumat verib.

AYB sədrinin müavini Rəşad Məcid “Nizami Gəncəvi İli”ndə onun yaradıcılığının müxtəlif tərəflərinə həsr olunan kitabların nəşrini yüksək qiymətləndirib.

Hər iki nəşrin layihə rəhbəri və ön sözün müəllifi Kürdəmir RMİ-nin rəisi,  fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Xudanlı çıxış edərək kitabların əsas məqsədi, onların hazırlanma prosesindən söz açıb. 

Daha sonra yazıçı Seyran Səxavət, AYB sədrinin müşaviri, yazıçı-dramaturq Elçin Hüseynbəyli, Nizami adına Ədəbiyyat İnstitutunun icraçı direktoru, dosent Mehman Həsənli, Mədəniyyət Nazirliyi Kitab sənayesi şöbəsinin aparıcı məsləhətçisi Xəyal Məmmədov, Ədəbiyyat İnstitutunun baş elmi işçisi, professor Cavanşir Yusifli, “Kulis.az” portalının baş redaktoru Ulucay Akif çıxış edərək kitablar haqqında fikirlərini bölüşüblər. 

Sonda çıxış edən “Nizami Gəncəvinin əsərlərinin el variantları” kitabının tərtibçisi və redaktoru, şair Fərid Hüseyn və “Nizami Gəncəvinin poetik portreti” kitabının tərtibçisi redaktoru, şair, ədəbiyyatşünas Ramil Əhməd nəşrlər haqqında iştirakçılara bilgi veriblər.