Beynəlxalq İslam İncəsənəti Günü 2019-cu ildə UNESCO-nun Baş Konfransının 40-cı sessiyasında təsis edilib və hər il noyabrın 18-də keçirilir. Məqsəd İslam mədəniyyətinin keçmişi və müasir bədii təzahürləri, eləcə də İslam incəsənəti vasitəsilə mədəniyyətin sivilizasiyaya verdiyi töhfələr haqqında cəmiyyəti maarifləndirməkdir.

Əlamətdar tarixlə bağlı UNESCO-nun saytında yer alan məlumatda vurğulanır ki, Beynəlxalq İslam İncəsənəti Günü təkcə digər sənət cərəyanlarına ilham verən İslam incəsənətinin tanınmasına təkan vermir, həm də mədəni müxtəlifliyi, ifadə azadlığını, mədəni irsin qorunmasını və mədəniyyətlərarası dialoqu təşviq edir. Bu günün qeyd edilməsi həm də xalqlar arasında tolerantlığın aşılanması və mədəni yaxınlaşmanın təbliğ edilməsi üsuludur. Bütün bu vasitələri  incəsənətin gücü sayəsində daha da geniş şəkildə həyata keçirmək mümkündür.

“Beynəlxalq İslam İncəsənəti Günündə insanların  öyrənmək, bölüşmək və qeyd etmək üçün çox  səbəblər var. Bu münasibətlə UNESCO hər kəsi debatlar, konfranslar, seminarlar, mədəni tədbirlər, təqdimatlar və ya sərgilər kimi müxtəlif fəaliyyətlərə qoşulmağa səsləyir”.