Azərbaycan Milli Kitabxanasında Meksika yazıçısı Karlos Fuentesin “Seçilmiş əsərləri”nin təqdimat mərasimi keçirilib. Kitab Azərbaycan Dövlət Tərcümə Mərkəzi (ADTM) tərəfindən nəşr olunub.

Tədbiri Meksikanın ölkəmizdəki səfiri Xuan Rodriqo Labardini Flores açaraq ADTM-nin  Latın Amerikası ədəbiyyatına ayırdığı diqqətdən, bu istiqamətdə həyata keçirdiyi uğurlu layihələrdən danışıb.

Səfir deyib: “Latın Amerikası ədəbiyyatının tanıdılması istiqamətində Azərbaycan Dövlət Tərcümə Mərkəzinin ərsəyə gətirdiyi dəyərli nəşrlər sırasında Xuan Rulfo, Karlos Fuentes kimi məşhur Meksika yazıçılarının əsərləri də mükəmməl bədii tərcümədə Azərbaycan oxucusuna çatdırılıb. Bu nəşrlərin hər biri, istər Azərbaycan, istərsə də Meksika ədəbi mühiti üçün əlamətdar hadisədir. Heç kimə sirr deyil ki, hər bir xalqın, onun mənəvi dünyası, ədəbi fikri, fəlsəfəsi haqqında ən geniş təəssüratı məhz onun ədəbiyyatı yaradır. Xalqlar arasında yaxınlıq, qarşılıqlı anlaşma da, məhz bu körpü vasitəsilə – mədəniyyətlər və ədəbiyyatlararası mübadilələr sayəsində qurulur. Bu gün ölkələri, qitələri bir-birindən uzaq salan məsafə anlayışını dəf etmək, xalqları bir-birinə qovuşdurmaq kimi mühüm bir missiyanın daşıyıcısı məhz ədəbiyyatdır”.

Təqdimatda daha sonra ADTM-nin Elm, təhsil, mədəniyyət idarəsinin rəhbəri, yazıçı Etimad Başkeçid, ədəbiyyatşünas, professor Rüstəm Kamal, kitabın tərcümə müəllifi, yazıçı Saday Budaqlı, yazıçı Yaşar Əliyev çıxış ediblər. Dövlət Tərcümə Mərkəzinin Latın Amerikası ölkələrin aparıcı yazıçı və şairlərinin əsərlərinin tərcüməsini və nəşrini həyata keçirməklə ümumi ədəbi prosesə verdiyi töhfələrdən bəhs edilib.