Fotoqraflar Roman İsmayılov, Əziz Kərimov və Ehtiram Jabinin Vətən müharibəsi zamanı çəkdikləri fotolardan ibarət jurnalın təqdimat mərasimi keçirilib.

Noyabrın 17-də keçirilən tədbirdə visiontv.az xəbər portalının baş redaktoru Şöhrət Eldəniz nəşr haqqında məlumat verib. Bildirib ki, təqdim olunan jurnalda müəlliflər həyəcan, emosiya, sevgi və nifrəti öz çəkdiyi fotolarla çatdırıblar. Onlar 44 günlük Vətən müharibəsində düşmən gülləsi ilə üzbəüz dayanaraq o anları fotolara əks etdirə biliblər.

Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov bildirib ki, Ali Baş Komandan İlham Əliyevin müdrik və qətiyyətli siyasəti nəticəsində müzəffər Ordumuz işğal altında olan torpaqlarımızı azad edərək bizə bu Qələbəni bəxş edib. 44 günlük Vətən müharibəsində jurnalistlərin də əməyi danılmazdır. Onların operativliyi nəticəsində cəmiyyətə dolğun və vaxtında informasiyalar çatdırıldı. Həmçinin fotoqrafların cəbhədə çəkdiyi fotolar həm ölkəmizin, həm də xarici medianın gündəmində oldu.

Çıxış edən fotoqraflar müharibə ilə bağlı xatirələrini bölüşüblər. Sonra Roman İsmayılov, Əziz Kərimov və Ehtiram Jabi Medianın İnkişafı Agentliyi və visiontv.az xəbər portalı tərəfindən fəxri fərmanla təltif olunublar.