Mədəniyyət və yaradıcı sektoru dəstəkləmək üçün


Azərbaycandan üç şəhər – Şəki, Xırdalan və Lənkəran Avropa İttifaqının “EU4Culture” layihəsi çərçivəsində qrant qazanıb.

2021-ci ilin may ayında elan olunan “EU4Culture” Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramının əhatə etdiyi ölkələrdə paytaxtdan kənardakı şəhər və rayonlara xüsusi diqqət yetirməklə mədəniyyət və yaradıcı sektoru dəstəkləmək üçün maliyyələşdirilən dördillik layihədir. Layihənin ölkə üzrə həyata keçirilməsində tərəfdaş Azərbaycan Respublikası Mədəniyyət Nazirliyidir.

Layihə mədəniyyətin bölgədə genişlənməsi və sosial inkişafına töhfə vermək məqsədi daşıyır. “EU4Culture” layihəsi Höte İnstitutu, Gürcüstanın Fransa İnstitutu, Danimarka Mədəniyyət İnstitutu, Çex Mərkəzləri tərəfindən həyata keçirilir.

Layihə çərçivəsində alınan qrant hesabına şəhərlər üçün mədəniyyət strategiyalarının yazılması nəzərdə tutulur. Gələcəkdə növbəti mərhələdən uğurla keçəcək şəhərlər üçün mədəniyyət strategiyalarının həyata keçirilməsi məqsədilə 300 min avro qrant ayrılması düşünülür.

Müsabiqədə “Şərq Tərəfdaşlığı”nın 5 ölkəsindən 70 şəhər iştirak edib. Təqdim olunan müraciətlər qiymətləndirildikdən sonra ölkə üzrə Şəki, Xırdalan və Lənkəran şəhərləri öz mədəni inkişaf strategiyalarını hazırlamaq üçün 30 min avro qrant qazanıblar. Lənkəran şəhərindən layihəyə Lənkəran Regional Mədəniyyət İdarəsi müraciət edib.

Qrant müsabiqəsinin ikinci mərhələsinin qaliblərini elan etmək məqsədilə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin dəstəyi və Höte İnstitutunun Bakı ofisinin (Goethe-Zentrum Baku) təşkilatçılığı ilə mətbuat konfransı və mükafatlandırma mərasimi təşkil olunub. Tədbirdə layihənin təşkilatçıları və tərəfdaşları çıxış ediblər.

Mədəniyyət Nazirliyinin Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri vəzifəsini icra edən Ramil Abbəkirov Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında mədəniyyət sahəsində əməkdaşlıq və birgə layihələrin icrasının gələcək inkişaf prosesləri baxımından önəmini vurğulayıb.

Tədbirdə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas, nazirliyin Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin əməkdaşı Günel Məmmədova, Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov, qalib şəhərlərin İcra Hakimiyyəti nümayəndələri və digər yerli qurumların təmsilçiləri iştirak ediblər.