Naxçıvan Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Musiqi Kolleci görkəmli tarzən Xalq artisti, professor Ramiz Quliyevin onlayn ustad dərsini təşkil edib.

Kollecin direktoru Məhəbbət Babayeva çıxış edərək Ramiz Quliyevin həyat və yaradıcılığı haqqında məlumat verib.

Sonra söz ustad tarzənə verilib. Sənətkar tələbələrə tarın temperasiya imkanlarından, səs üzərində iş, muğam ifaçılığı barədə ətraflı söz açıb. Tarzənin ifası üzərində qurulan ustad dərsi müəllim və tələbələr tərəfindən maraqla qarşılanıb. Kollecin tar ixtisası üzrə III kurs tələbələrinin ifasında “Rahab”, “Çahargah” muğamları və başqa əsərləri dinləyən tarzən onların bacarığını qiymətləndirib, məsləhət və təkliflərini verib.

Sonda Ramiz Quliyev müəllim və tələbələrin suallarını cavablandırıb.