Milli Kitabxananın hazırladığı disk-albom təqdim olundu


15–26 noyabr tarixində keçirilən Nizami Gəncəvi Beynəlxalq Festivalının proqramında dahi şairin zəngin ədəbi irsinin təbliği məqsədilə bır sıra maraqlı layihə və təqdimatlar yer alıb. Noyabrın 23-də festival çərçivəsində növbəti tədbir – Milli Kitabxanada “Sözləri Nizaminindir” adlı disk-albomun təqdimatı keçirildi.

Tədbiri giriş sözü ilə açan Milli Kitabxananın direktoru, professor Kərim Tahirov qeyd etdi ki, layihə Mədəniyyət Nazirliyi, AMEA, Gəncə Şəhər İcra Hakimiyyəti, Beynəlxalq Nizami Gəncəvi Mərkəzi və Yazıçılar Birliyinin təşkilatçılığı ilə böyük söz ustadının 880 illik yubileyinə həsr olunan beynəlxalq festival çərçivəsində gerçəkləşir. “Sözləri Nizaminindir” CD-albomu Mədəniyyət Nazirliyinin dəstəyi ilə Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanıb.

Alboma şairin “İskəndərnamə” poeması əsasında radiotamaşanın lent yazısı, Nizami Gəncəvinin sözlərinə yazılmış mahnı və romanslar, Fikrət Əmirovun “Nizaminin xatirəsinə” simli simfoniyası və Qara Qarayevin “Yeddi gözəl” baleti” daxldir. Disk-albomda Nizami Gəncəvi haqqında Azərbaycan və ingilis dillərində qısa məlumat da verilib.

Üzeyir Hacıbəylinin Ev-Muzeyinin direktoru, Xalq artisti Sərdar Fərəcov Milli Kitabxanada belə tədbirlərin keçirilməsinin artıq ənənə halını aldığını bildirdi. Qeyd etdi ki, “Nizami Gəncəvi İli”ndə belə bir albomun hazırlanması təqdirəlayiq addımdır: “Bu albom Nizami Gəncəvinin 880 illiyinə böyük töhfədir. Albomun ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürümü bildirirəm”.

Sərdar Fərəcov çıxışının sonunda Kərim Tahirovu yüksək dövlət təltifi və 70 illik yubileyi münasibətilə təbrik etdi.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova muzeyin “Nizami Gəncəvi İli”ndə həyata keçirdiyi tədbirlərdən danışdı. Bildirdi ki, bu gün təqdim olunan disk-albom muzeyi tərəfindən gələcək sərgilərdə nümayiş etdiriləcək.

Çıxışlardan sonra söz musiqiyə verildi. Əməkdar artist İlham Nəzərov Üzeyir Hacıbəylinin “Sənsiz” romansı, Əfrasiyab Bədəlbəylinin “Nizami” operasından ariya və Gülnaz Abdullazadənin “Könlüm sitəminlə canə yetdi” əsərini böyük peşəkarlıqla ifa etdi. Solisti beynəlxalq müsabiqələr laureatı Svetlana Əhmədova (piano) müşayiət edirdi.

NURƏDDİN