Xəbər verdiyimiz kimi, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay əmirliyində “Düşüncələri birləşdirək, daha yaxşı gələcək quraq” (Connecting Minds, Creating the Future) mövzusunda Dünya Sərgisi – “Dubay Ekspo-2020” oktyabrın 1-dən fəaliyyətə başlayıb.

Ötən il açılması nəzərdə tutulan, lakin pandemiya səbəbindən bu ilə ertələnən sərgidə 190 ölkə təmsil olunur. Sərgi 2022-ci il martın 31-nə qədər davam edəcək. Ərazi baxımından “Dubay Ekspo” bu günə qədər təşkil olunan ən böyük sərgidir. 400 hektardan çox ərazisi olan sərgi tematik olaraq 3 hissəyə bölünür: davamlılıq, mobillik və imkan.

Azərbaycan sərgidə Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Gələcəyin toxumları” mövzusu ilə çıxış edir. “Sabahın inkişafı bu gün verilən qərarlardan asılıdır” konsepsiyasını özündə əks etdirən milli pavilyondakı interaktiv elektron vasitələrdə Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, müasir incəsənəti və digər mövzularda videoçarxlar təqdim edilir. Həmçinin burada Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycandakı iqtisadi və sosial sahələrdə davamlı inkişaf və innovasiyalar, 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad olunmuş torpaqlarımızda aparılan quruculuq işləri haqqında məlumat verilir. Üçmərtəbəli, ağac və onun budaqları formasını xatırladan pavilyonun konsepsiyası təsdiq edir ki, yalnız insan kapitalının inkişafı ilə dayanıqlı gələcəyə nail olmaq mümkündür.

Pavilyonda Azərbaycan mədəniyyətinə və tarixinə aid ekspozisiya, heykəltəraş Elvin Nəbizadənin “Kövrək saz” instalyasiyası, Leyla Əliyevanın “Ürək” heykəltəraşlıq əsəri, Faiq Əhmədin xalça motivlərində instalyasiyası da təqdim edilir.

Landşaftı Azərbaycan və digər ölkələrdən olan rəssamların “Xarıbülbül” və “Ceyranlar” silsiləsindən heykəltəraşlıq əsərləri ilə bəzədilən milli pavilyona “Ekspo-2020”nin iştirakçıları böyük maraq göstərirlər. Pavilyonun səhnəsində konsertlər və müxtəlif mədəni proqramlar təşkil edilir.

“Dubay Ekspo-2020”də Türkiyə pavilyonunun açılışında iştirak edən qardaş ölkənin ticarət naziri Mehmet Muş başçılıq etdiyi nümayəndə heyəti ilə Azərbaycan pavilyonunu ziyarət edib. Türkiyənin nümayəndə heyətini ölkəmizin Dubaydakı baş konsulu Cavidan Hüseynov qarşılayıb. Türkiyəli nazirə Azərbaycan pavilyonunun konsepsiyası haqqında ətraflı məlumat verilib.

Nazir Mehmet Muş Azərbaycan pavilyonunda ziyarətçi axını ilə bağlı məmnunluğunu ifadə edib və pavilyonun təşkilatçılarını təbrik edib.