Parisdə, UNESCO-nun mənzil-qərargahında “Afrika Həftəsi” keçirilir. UNESCO yanında Afrika qrupu və Afrika İttifaqı ilə əməkdaşlıq çərçivəsində təşkil edilmiş həftə ərzində qitə ölkələrinin mədəniyyəti, incəsənəti diqqət mərkəzində olacaq.

Tədbirdə UNESCO-nun Baş direktoru Odre Azule və Afrika ölkələrinin səfirlərinin çıxışları olub.

“Afrika Həftəsi”nin açılış tədbirində ölkəmizdən UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev və nümayəndəliyin əməkdaşları da iştirak ediblər.

Qeyd edək ki, Azərbaycan “Afrika Həftəsi”nin sponsorlarındandır. UNESCO-da “Afrika Həftəsi” çərçivəsində müxtəlif ölkələrin təşkilatın Qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş mətbəx nümunələri də təqdim olunub.

İştirakçılar Azərbaycan mətbəxinin UNESCO siyahısında yer alan nümunələrindən dolmanın, eləcə də milli şirniyyatlarımız - paxlava və şəkərburanın, göy qutabının dadına baxıblar.

UNESCO-da “Afrika Həftəsi” noyabrın 26-da başa çatacaq.