Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə 1-3 dekabr tarixində Daşkənddə "Nizami Gəncəvi və Əlişir Nəvai mədəniyyət və ədəbiyyat günləri" keçiriləcək.
Layihə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2021-ci ilin “Nizami Gəncəvi İli" elan olunması, dahi şair və mütəfəkkirin 880 illiyi, habelə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin söz ustadı Əlişir Nəvainin 580 illiyinin qeyd olunması haqqında sərəncamlarına əsasən gerçəkləşəcək.
Tədbirlər Azərbaycan və Özbəkistanın Mədəniyyət nazirlikləri, Yazıçılar birlikləri, ölkəmizin Daşkənddəki səfirliyi, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti, Özbəkistan Milli Elmlər Akademiyasının Əbu Reyhan əl-Biruni adına Şərqşünaslıq İnstitutu və Özbəkistan Dövlət Konservatoriyasının dəstəyi ilə keçiriləcək.
Dekabrın 1-də Turan Kitabxanasında Nizami Gəncəvi və Əlişir Nəvainin əsərlərinə çəkilmiş miniatürlərdən ibarət sərgi nümayiş olunacaq. Kitabxanaya Nizami Gəncəviyə dair nəşrlər hədiyyə olunacaq, AMM-in layihəsi əsasında çəkilmiş, Azərbaycan və özbək xalqlarının dostluğuna həsr olunmuş “Qızıl körpü” sənədli filmi nümayiş etdiriləcək.
Həmin gün AMM-də "Nizami Gəncəvi və Əlişir Nəvai mədəniyyət və ədəbiyyat günləri"nin rəsmi açılış mərasimi keçiriləcək. Tədbirdə mərkəz tərəfindən hər iki şairin yubileyi münasibətilə elan edilən müsabiqə üzrə özbək alimlərinin monoqrafiyaları təqdim olunacaq.
Açılış tədbirində Türk dünyasının bu iki dahi şairinə həsr olunmuş şeir kompozisiyası təqdim ediləcək. Həmçinin “Soqdiana” Özbəkistan Xalq Çalğı Alətləri Ansamblının iştirakı ilə Nizami və Nəvainin əsərləri əsasında hazırlanmış konsert proqramı keçiriləcək.
Dekabrın 2-də Özbəkistan MEA-nın Şərqşünaslıq İnstitutunda “Nizami Gəncəvi və Əlişir Nəvai əsərləri əlyazmalarda” adlı tədbir və sərgi təşkil olunacaq. Tədbir çərçivəsində ilk dəfə olaraq Nizaminin özbək dilinə tərcümə olunmuş “Xəmsə”sinin və Nəvainin Azərbaycan dilinə çevrilmiş “Xəmsə”inin təqdimatı reallaşacaq.
Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetində “Nizami Gəncəvi və Əlişir Nəvai yaradıcılığı - Türk dünyası poeziyasının qürur mənbəyi, dünya ədəbiyyatının zirvəsidir” adlı beynəlxalq konfrans dekabrın 3-də öz işinə başlayacaq. Özbəkistan, Azərbaycan və Türkiyə alimlərinin qatılacağı konfransda hər iki şairin yaradıcılığı ilə bağlı məruzələr dinləniləcək.