Florensiyada Şuşa və Şəki şəhərləri ilə bağlı təqdimatlar olub

 

Avropa Parlamentinin himayədarlığı, “Romualdo Del Bianco” Fondunun və “Life Beyond Tourism – Travel to Dialogue” Hərəkatının təşkilatçılığı ilə Florensiyada keçirilən “Dünya Mədəni Özünüifadə Festivalı” çərçivəsində Şuşa və Şəki şəhərləri ilə bağlı təqdimatlar olub.

Beş il ərzində davam etməsi nəzərdə tutulan festivalın builki ilk tədbirində İtaliya və Azərbaycan, Çin, Hindistan, Yaponiya – ümumilikdə 10-dan çox ölkədə 45-dək şəhər və məkanla bağlı təqdimatlar keçirilib.

Tədbirdə Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) və Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) nümayəndələri də iştirak ediblər.

ATMU-nun tələbələri “Şuşa – dağlardan gələn səsin harmoniyası”, AzMİU-nun tələbələri isə “Şəkinin mədəni və memarlıq irsi” mövzularında təqdimatlarla çıxış ediblər. İştirakçılara Şuşa və Şəkinin tarixi, burada mövcud olan mədəni, milli, dini irs nümunələri, yerli mətbəx, ictimai xadimlər və sair barədə məlumat verilib.

AzMİU-nun Memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasının müdiri professor Səbinə Hacıyeva COVİD-19 pandemiyasının mədəni irs obyektlərinin bərpası və fəaliyyətinə təsiri ilə bağlı təqdimat edib, eyni zamanda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mədəni irsimizə dəyən zərərlə bağlı bir sıra məqamlara toxunub.

Festival çərçivəsində noyabrın 25-28-də Florensiyanın İntibah dövrü memarlıq nümunələrindən olan “Palazzo Medici Riccardi” sarayında İtaliya və Azərbaycan da daxil olmaqla, iştirakçı ölkələrin şəhər və məkanları ilə bağlı fotosərgi nümayiş etdirilib.

Tədbirdə iştirak edən Azərbaycanın İtaliyadakı Səfirliyinin birinci katibi Nemət Əliyev təşkilatçılara təşəkkür edərək dünya İntibahının beşiyi sayılan Florensiyada ölkəmizin şəhərləri ilə bağlı təqdimat imkanını yüksək qiymətləndirib. Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin intibahında oynadığı rol vurğulanıb, işğal dövründə şəhərdəki mədəni irs nümunələrinin əksəriyyətinin dağıdıldığı və vandalizmə məruz qaldığı qeyd edilib. Şuşanın işğaldan azad edildikdən sonra Azərbaycanın mədəniyyət paytaxtı elan olunması ilə bağlı məlumat verilib, tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması üçün İtaliyada görülən işlərə toxunulub və İtaliyadakı səfirliyimizin təşkil etdiyi Zəfər Günü ilə bağlı tədbirdə italyan dilində nəşr olunan “Şuşa” kitabının təqdimatının keçirildiyi diqqətə çatdırılıb.

Qeyd edək ki, festival müxtəlif məkanların mədəni özünüifadələrini, yerli icmaların mədəni maarifləndirilməsini təşviq etmək, rəqəmsal platformalarla onların beynəlxalq cəlbediciliyini artırmaq, turizmdən inklüzivlik, mədəniyyətlərarası dialoq naminə yararlanmaq məqsədi daşıyır.