Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dahi Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş layihənin – musiqili-xoreoqrafik kompozisiyanın təqdimatı keçirilib.

Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs  şöbəsinin müdiri Fərəh Acalova, mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə keçirilən mərasimi teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev açaraq layihə barədə qonaqlara məlumat verib.

Sonra kompozisiya nümayiş olunub.

Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev “Nizami ili”nə həsr olunan musiqili-xoreoqrafik kompozisiyanı yüksək dəyərləndirib, teatr-kollektivinə yeni yaradıcılıq uğurları arzulayıb.

Xalq artistləri Cəmilə Bayramova, Sərxan Sərxan layihə ilə bağlı fikirlərini bölüşüblər. SSRİ Xalq artisti Müslüm Maqomayevin ifasında Üzeyir Hacibəylinin “Sənsiz” romansının sədaları altında teatrın aktyorları və balet truppası üzvlərinin iştirakı ilə qurulan kompozisiyanın uğurlu alındığı vurğulanıb.

Qeyd edək ki, videoçarx formatında hazırlanan layihənin ideya müəllifi və bədii rəhbəri Əliqismət Lalayev, rejissoru Cavid İmamverdiyev, baletmeysteri Xalq artisti Təranə Muradova, operatorları Kamal Məmmədov, Murad Həsənov, montajçısı Fuad Təhməzovdur. Layihənin xoreoqrafı Əməkdar artist Emin Əliyev, həmçinin kompozisiyada Nizami Gəncəvinin obrazını yaradıb.