AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədlinin “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” kitabı çap olunub.

Kitabın elmi redaktoru akademik Nizami Cəfərov, məsləhətçisi akademik Möhsün Nağısoyludur.

Nəşrin birinci fəsli “İşgüzar kommunikasiya” adlanır. Bu fəsildə işgüzar kommunikasiyanın verbal və qeyri-verbal formaları, norma və prinsipləri, işgüzar ünsiyyətdə danışmaq və dinləmək bacarığı, onlayn işgüzar kommunikasiya araşdırılıb.

“Akademik kommunikasiya” adlı ikinci fəsildə şifahi və yazılı akademik kommunikasiya, akademik yazı qaydaları, tələbələrdə tədqiqatçılıq qabiliyyətinin formalaşdırılması məsələləri təhlil edilib.

Üçüncü fəsil “İşgüzar və akademik kommunikasiyada nitq mədəniyyəti. Punktuasiya problemi” adlanır. Bu fəsildə mədəniyyət anlayışı, nitq mədəniyyəti konsepsiyası, norma və variantlılıq, durğu işarələri haqqında geniş məlumat əksini tapıb.

Dördüncü fəsildə Azərbaycan dilinin funksional üslublarının dildəki funksiyasından bəhs edilir.