“İçərişəhər” Muzey Mərkəzinin əməkdaşı, tanınmış muzeyşünas, Əməkdar mədəniyyət işçisi Gülnar Əliyeva dekabrın 2-də, ömrünün 77-ci ilində vəfat edib.

Gülnar Ələkbər qızı Əliyeva 29 avqust 1945-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin (BDU) Tarix fakültəsini bitirib. 1969-cu ildən 1994-cü ilədək “Şirvanşahlar Sarayı Kompleksi” Dövlət Tarixi-Memarlıq Qoruq-Muzeyində fəaliyyət göstərib. Əmək fəaliyyətinə muzey baxıcısı kimi başlayıb, sonra bələdçi, kiçik elmi işçi, baş elmi işçi, şöbə müdiri vəzifələrində çalışıb.

1994-cü ildən Azərbaycan Milli İncəsənət Muzeyində Ekspozisiya şöbəsinin müdiri işləyib, müxtəlif mövzulu ekspozisiya layihələrinə rəhbərlik edib. 2008-ci ildən təcrübəli muzeyşünas kimi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin “İçərişəhər” Tarixi Muzeyində elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin olunub.

Gülnar Əliyeva 30-dək məqalənin, bir çox ekspozisiyaların mövzu və tematik inkişaf planlarının müəllifi olub. 2014-cü ildə “Əməkdar mədəniyyət” işçisi adına layiq görülüb.

“İçərişəhər” Muzey Mərkəzinin kollektivi Gülnar Əliyevanın vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin.