“Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumu keçirilib
Məlum olduğu kimi, bu ilin aprel ayında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən “Mədəniyyət naminə sülh” (Peace4Culture) adlı qlobal kampaniya irəli sürülüb.
Yeni platforma mədəni irsin qorunması, dinc və dayanıqlı sülhsevər cəmiyyətlərin qurulması və beynəlxalq sülh sistemlərinin gücləndirilməsi, eləcə də sülhün əldə olunmasında mədəniyyətin rolu ilə yanaşı, mədəniyyətin inkişafında sülhün rolunun öyrənilməsi məqsədi daşıyır. Ötən dövr ərzində bir sıra beynəlxalq təşkilat və ölkələrdən bu layihəyə dəstək ifadə olunub.
Dekabrın 2-də ADA Universitetində “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumu (“Peace4Culture” Partners Forum) keçirildi.
BMT-nin Sivilizasiyalar Alyansı, İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatı – İCESCO, ADA Universiteti və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkil etdiyi tədbirə dövlət rəsmiləri, bir sıra beynəlxalq təşkilatların və sülhün təşviqi üzrə ixtisaslaşmış institutların, diplomatik korpusun rəhbər şəxsləri və nümayəndələri qatılmışdı.
Forumun açılış mərasimində ADA Universitetinin prorektoru Vafa Kazdal rektor Hafiz Paşayevin adından iştirakçıları salamladı, belə bir tədbirə ev sahibliyi etməkdən qürur hissi keçirdiklərini bildirdi.
Mədəniyyət Nazirliyi Media və kommunikasiya şöbəsinin müdiri Məryəm Qafarzadə “Mədəniyyət naminə sülh” kampaniyası haqqında məlumat verdi. Qeyd etdi ki, mədəniyyət üçün sülh vacib məfhumdur. Şöbə müdiri tədbirin proqramını diqqətə çatdırdıqdan sonra ilk plenar iclas başlandı.
Regionda mədəni tərəfdaşlıq da vacibdir
“Yalnız mədəniyyətin sülh üçün nə edə biləcəyini deyil, sülhün də mədəniyyət üçün nə edə biləcəyini düşünək” adlı birinci plenar sessiya Mədəniyyət Nazirliyi Aparatının rəhbəri, “Mədəniyyət naminə sülh” qlobal kampaniyası İşçi Qrupunun rəhbəri Vasif Eyvazzadənin moderatorluğu ilə gerçəkləşdi.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev çıxış edərək bildirdi ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı Zəfər Cənubi Qafqaz üçün böyük imkanlar yaratdı: “Məqsədimiz dayanıqlı sülhü təşviq etməkdir. Təkcə ticarət yolları deyil, mədəni tərəfdaşlıq da əsasdır. Azərbaycanın işğal altında olan ərazilərində mədəni irsimiz məhv edilib. 30 il müddətində biz BMT və UNESCO-nu bu işə cəlb etmişdik və bu müddətdə UNESCO-nun bu ərazilərə səfərini gözlədik ki, bu təşkilat mədəni irsimizə qarşı törədilən vəhşiliyi beynəlxalq aləmə göstərsin. Bu gün Azərbaycan UNESCO İcraiyyə Şurasına seçilməklə bir daha etibarını göstərdi”.
Hikmət Hacıyev Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər etdiyinə görə İCESCO-nun Baş direktoruna təşəkkürünü bildirdi: “Biz Azərbaycanın əsrlərlə yaratdığı digər xalqlara hörmət təcrübəsini paylaşmaq istəyirik. Bu mənada “Mədəniyyət naminə sülh” platforması çox vacib əhəmiyyət daşıyır”.
Sonra BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Migel Angel Moratinosun videomüraciəti dinlənildi. Ali nümayəndə Sivilizasiyalar Alyansı ilə Azərbaycanın əlaqələri haqqında fikirlərini bölüşdü. Qeyd etdi ki, Azərbaycan Mədəniyyət Nazirliyinin təşəbbüsü alyansın missiyasına uyğundur: “Bu təşəbbüs davamlı sülh üçün vacib elementləri özündə cəm edir. Müxtəlif mədəniyyətlər arasında anlaşma yaradaraq sülhü təbliğ edir. Bu təşəbbüsü həyata keçirmək üçün əl-ələ verərək çalışmalıyıq”.
“Mədəniyyətin sülhü təşviq edə biləcəyinə inanırıq”
Mədəniyyət naziri Anar Kərimov qonaqları salamlayaraq nazirliyin “Mədəniyyət naminə sülh” təşəbbüsünü doğuran əsaslardan söz açdı: “Biz işğaldan azad olunmuş ərazilərimizə gedən zaman Ermənistan tərəfindən sosial infrastruktura, mədəni mirasımıza qarşı həyata keçirilən vandalizm və talançılığın miqyasını tam şəkildə görə bildik. Başa düşdük ki, bu dağıdılmış infrastrukturu bərpa etmək üçün bizə dayanıqlı sülh lazımdır. Bu səbəbdən də Mədəniyyət Nazirliyi sülhü təşviq etmək üçün yeni təşəbbüslə çıxış etdi”.
Sülh və mədəniyyət arasında mühüm qarşılıqlı əlaqənin olduğunu bildirən Anar Kərimov qeyd etdi ki, mədəniyyətin yenidən çiçəklənməsi üçün sülh vacib amildir: “Burada həm də münasibətlərin dirçəlişindən söhbət gedir. İkinci vacib element mədəniyyətin rolunu vurğulamaqdır. Üçüncü element budur ki, Azərbaycan bütün problemlərə rəğmən etnik və mədəni təmizlənməyə baxmayaraq hələ də mədəniyyətin sülhü təşviq edə biləcəyinə inanır. Bu təşəbbüs bölgədə dayanıqlı sülhə yol aça bilər. Azərbaycan uzunmüddətli sülh proqramının qurulmasına cəhd göstərir. 2008-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə bünövrəsi qoyulan “Bakı Prosesi” bütün dünyada dialoqu təşviq etmək məqsədi daşıyırdı. Bu təşəbbüs qlobal platformaya çevrilə bildi”.
Nazir qeyd etdi ki, “Mədəniyyət naminə sülh” platforması da bəşəriyyət üçün yeni imkanlar yarada bilər: “Bu təşəbbüsün nəticə verməsi üçün praktiki fəaliyyətlər haqqında düşünürük və artıq işlər tədbirlər planı halına çevrilir. 2022–2027-ci illər üçün nəzərdə tutulan tədbirlər planında 6 istiqamət üzrə fəaliyyət nəzərdə tutulub. Mədəniyyət dili sülhə yol açmaq üçün ən gözəl ideyadır və biz bu imkanlardan istifadə edəcəyik. Beynəlxalq tərəfdaşları bu təşəbbüsləri dəstəkləməyə çağırır və forumun işinə uğurlar arzulayıram”.
***
Foruma videoformatda qoşulan İCESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik qlobal təşəbbüsə görə Azərbaycan Hökumətinə minnətdarlığını bildirdi. Qeyd etdi ki, dünyaya sülh toxumları əkilməlidir və mədəniyyətin inkişafı bundan asılıdır: “Azərbaycan Mədəniyyət Nazirliyinin bu ideyası sülh üçün yeni davranışları təşviq edir və biz bu təşəbbüsü dəstəkləyirik. Sülhü qorumaq missiyası çox vacibdir. Mədəniyyət anlamı isə bütün insanları bir araya gətirəcək məfhumdur. İnanıram ki, Azərbaycan bu təşəbbüslə qlobal sülhə öz töhfələrini verəcək”.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Türk dünyası mədəniyyətinin təbliği və təşviqinin əhəmiyyətini qeyd etdi, fondun bu istiqamətdə həyata keçirdiyi layihələrdən söz açdı.
Etnik Anlaşma Fondunun (ABŞ) prezidenti Ravin Mark Şnayer Prezident İlham Əliyevin multikultural dəyərlərə diqqətini xüsusi vurğuladı. Bildirdi ki, Azərbaycanın uğurları onları çox sevindirir: “Müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrinin bu ölkədə sülh şəraitində yaşaması gözəl nümunədir və biz bu şəraitə görə minnətdarlığımızı bildiririk”.
KAİCİİD Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzi (Avstraliya) baş katibinin müavini Elham Alşeyni forumun təşkilatçılarına minnətdarlığını bildirərək buradakı müzakirələrin regionda sülhü bərqərar edəcəyinə ümidvar olduğunu vurğuladı. O, rəhbəri olduğu mərkəzin bu təşəbbüsü dəstəklədiyini qeyd etdi.
Məşhur fotojurnalist Rza Diqqəti (Fransa) bildirdi ki, dünyada baş verən müharibə, vəhşilik və qətlləri çəkib ictimaiyyətə nümayiş etməklə insanları sülhə təşviq edə bilərik: “İnsanlara sülhü bəzən şəkil dili ilə də təşviq etmək lazım gəlir. 1992-ci ildə Ermənistanın Xocalıda törətdiyi soyqırımı və ötən il Gəncəyə raket hücumları zamanı çəkdiyim kadrların beynəlxalq aləmdə nümayişi bəşəriyyəti sülhə səsləməklə bərabər, həqiqətləri bəyan etmək baxımından əhəmiyyətli idi”.
Panel iclasın sonunda çıxışçılar onlara ünvanlanan sualları cavablandırdılar.
Beynəlxalq sülh sistemini necə gücləndirə bilərik?
“Sülh Əlaqələndiriciləri” təşkilatının təsisçisi və baş icraçı direktoru Jan Kristof Basın moderatorluğu ilə keçən plenar sessiya “Sülhsevər cəmiyyətləri və beynəlxalq sülh sistemini dayanıqlı şəkildə necə gücləndirə bilərik?” mövzusuna həsr olunmuşdu.
Xarici işlər nazirinin müavini Elnur Məmmədov nazir Ceyhun Bayramovun tədbir iştirakçılarına salamlarını çatdırdı. Qeyd etdi ki, ölkəmizdə yüz illərdir əmin-amanlıq şəraitində yaşayan milli azlıqlar var. 2008-ci ildən Prezident İlham Əliyevin təşəbbüsü ilə “Bakı Prosesi”nə başlanıldı. Bu platforma əsasında müxtəliflik və tolerantlıq təbliğ olunur. 2017-ci ildə BMT-nin Baş katibi “Bakı Prosesi”ni dünyada bu məqsədlə yaradılmış əsas platforma kimi dəyərləndirib. Son 12 il ərzində “Bakı Prosesi” çərçivəsində 300-ə yaxın tədbir keçirilib. Bununla bərabər, hər iki ildən bir Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Qlobal Bakı Forumu da təşkil edilir. Bu il ölkəmizdə dahi Azərbaycan şairi Nizami Gəncəvin 880 illiyi qeyd edilir. Nizaminin əsərlərində sülh və tolerantlıq kimi ideyalar tərənnüm olunur: “Biz ölkə olaraq özümüzü güclü, qüdrətli görürük. Bu ideyaları daima səsləndiririk. Sülh özü ilkin şərtdir. Bütün mədəniyyətlərin irəli getməsi üçün əsasdır”.
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Tolerantlıq Nazirliyinin baş direktoru Afra Məhəmməd əl-Sabri dedi ki, dinlərarası dialoq bütün dünyada cəmiyyətləri bir araya gətirə bilər: “Biz mədəni müxtəlifliyə töhfə verən ölkə olaraq bir-birimizin təcrübəsindən yararlanaraq bütün dünyaya öz ideyalarımızı bəyan etməliyik”.
İstanbul Beynəlxalq Sivilizasiyalar Araşdırmaları Mərkəzinin sədri Bekir Karlığa dedi ki, bu gün dünyamız böyük aşınmalar yaşayır. Bunun səbəblərini bəziləri siyasət və iqtisadiyyatda arayır. Amma əsas səbəb mədəniyyətdir. Mədəniyyət tamlıqdır. Burada düşüncə, din, sənət, hüquq, ədəbiyyat, dövlət sistemi və birgəyaşayış qaydaları var. Birgəyaşayış mədəniyyətin önəmli sahəsidir. Multikultural dəyərlərə sahib çıxmaqla sülhə nail olmaq mümkündür.
“Təhsil vasitəsilə insanlar üçün yüksək imkanlar” beynəlxalq ictimai təşkilatının baş icraçı direktoru Xavier Nunez Gonzalez, Dünya Kilsələr Şurası Beynəlxalq əlaqələr komissiyasının direktoru Piter Prov, Böyük Britaniyanın Koventri Universitetində Sülh, Etimad və Sosial Münasibətlər İnstitutunun qurucusu və rəhbəri, professor Mayk Hardi (videoformatla) qlobal təşəbbüsü təqdirlə qarşıladıqlarını bildirdilər.
Çoxtərəfli əməkdaşlığın qurulması
“Sülh və təhlükəsizlik çağırışları: çoxtərəfli əməkdaşlığın qurulması” mövzusunda üçüncü paneldə moderator – “Ələddin layihəsi”nin icraçı direktoru Abe Radkin forumun məhsuldar olduğunu diqqətə çatdırdı. Vurğuladı ki, Azərbaycanın Qələbəsi regionda siyasətə yeni dinamizm qatıb. Bu səbəbdən sülhə çağırış olan “Mədəniyyət naminə sülh” layihəsi alqışlanası təşəbbüsdür.
Sülh Məkanları Avropa Şəbəkəsinin prezidenti Eduardo Basso Avropada çoxtərəfli tərəfdaşlıq nümunələrindən bəhs etdi, qlobal layihənin əhəmiyyətini yüksək qiymətləndirdi.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi İdarə heyətinin sədri Fərid Şəfiyev diqqətə çatdırdı ki, mədəni irs nümunələrinin dağıdılması, talan edilməsi beynəlxalq hüquqa ziddir. Fevral ayında İrəvanda Azərbaycan xalçalarının erməni nümunələri kimi sərgilənməsi beynəlxalq hüquqa hörmətsizlikdir: “Düşünürük ki, bu platformanın səmərəli olması üçün bərabər yanaşma gərəkdir”.
Türk Dövlətləri Təşkilatı Baş katibinin müavini Sultanbay Rayev, BMT-nin Sülh Universitetində Beynəlxalq hüquq departamentinin direktoru Mihir Kanade, Asiya Əməkdaşlıq Dialoqunun Baş katibi Pornçai Danvivatana da qlobal kampaniyanın əhəmiyyəti, dayanıqlı inkişaf üçün sülhün rolu barədə danışdılar.
Son panel iclasda çıxış edən nazir Anar Kərimov forum iştirakçılarına təşəkkürünü bildirdi: “Mədəniyyət naminə sülh” təşəbbüsü ilə bağlı 20-dən çox məruzə dinlənildi. Forumda “Biz sülhü təşviq etmək üçün nələr etməliyik” sualına cavab aldıq. Bizim ümumi rifahımız sülhdən keçir. Məmnunluqla qeyd etmək istərdim ki, Azərbaycan sülh naminə mədəniyyət prosesini özü beynəlxalq təşəbbüs olaraq təbliğ edir. Bizim bu yeni konsepsiyamız beynəlxalq aləmdə tanınıb daha da geniş dəstək alacaq. Sonda bir daha bütün iştirakçılara təşəkkür edirəm və əminliyimi bildirirəm ki, bu, hələ yolun başlanğıcıdır və konkret nəticələrə rəvac verəcək. Gələn il Bakıda növbəti Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək və ümid edirəm ki, bu proses artıq gələcək fəaliyyətlər üçün bir zəmin yaradır”.
Bununla da “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumu öz işini başa vurdu.
***
Qeyd edək ki, dekabrın 3-də Tərəfdaşlar Forumu iştirakçılarının Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə səfəri təşkil olunub. Xarici nümayəndələr Şuşanın tarixi-mədəni irsi, erməni işğalı dövründə dağıdılıb talan edilmiş tikililər, vandalizmə məruz qalmış abidələr, eləcə də Şuşanın işğaldan azad edilməsindən sonra başlanan bərpa-quruculuq işləri ilə tanış olublar.
LALƏ