TÜRKSOY təşkilatı türk xalqlarının mədəniyyət və incəsənətini dünyada tanıdılması və təbliği ilə yanaşı, Avropa və Türk dünyası arasında mədəni körpü rolunu da oynamaqdadır. Qurumun təşəbbüsü ilə 2020-ci ilin “Türk Dünyasının Mədəniyyət Paytaxtı” olan Xivə (Özbəkistan) şəhərində 2020-ci il üzrə “Avropanın Mədəniyyət Paytaxtı” adına layiq görülən Rijeka (Xorvatiya) şəhəri tanıdılır.
Dekabrın 5-də TÜRKSOY-un Katibliyi və Rijeka Bələdiyyəsinin birgə əməkdaşlığı əsasında Xivədə “Avropanın Mədəniyyət Paytaxtı” adlı fotosərgi açılıb. Sərgi bu ilin aprel ayında Rijekada keçirilən “Xivədən təəssüratlar” adlı fotosərginin davamıdır.
Sərginin açılışında TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, Özbəkistanın Mədəni İrs Agentliyinin baş direktoru Tursunali Koziyev, Xarəzm valisinin müavini Batır Səidov, Rijeka şəhərinin meri Marko Filipoviç, Xivə şəhərinin bələdiyyə sədri Timur Davletov və digər rəsmi şəxslər iştirak ediblər.
Açılış nitqi söyləyən D.Kaseinov öncə bu il müstəqilliklərinin 30-cu ildönümünü qeyd edən türk respublikalarını və Xorvatiyanı təbrik edib. Qeyd edib ki, TÜRKSOY “Türk Dünyasının Mədəniyyət Paytaxtı” layihəsi ilə türk xalqlarının yaşadığı geniş coğrafiyadakı qədim şəhərlərimizin dünyada tanıdılması üçün səylər göstərir: “Bu çərçivədə 2020-ci ildə Rijekada “Xivədən təəssüratlar” adlı fotosərgi təşkil etdik. Bu gün isə Adriatik dənizinin incisi olan Rijekanın gözəlliklərini Xivə sənətsevərlərinə təqdim edirik. Sərginin məqsədi eyni zamanda mədəniyyətlərarası yaxınlaşmaya töhfə verməkdir”.
Baş katib onu da bildirib ki, “Türk Dünyasının Mədəniyyət Paytaxtı” və “Avropanın Mədəniyyət Paytaxtı” seçilən şəhərlər arasında qarşılıqlı əlaqənin artırılması istiqamətində səylər gələcəkdə də davam edəcək.
Çıxışlardan sonra sərgiyə baxış keçirilib. Xivənin tarixi İçan Kale kompleksindəki “Daş Avlu” sarayında açılan fotosərgidə Rijekanın tarixi və görməli yerləri əks olunub.
Mehparə SULTANOVA
Ankara