Görkəmli tarixçi alim, AMEA Tarix İnstitutu Azərbaycanın tarixi coğrafiyası şöbəsinin müdiri, akademiyanın müxbir üzvü Fəridə Məmmədova 8 dekabr 2021-ci il tarixdə, 85 yaşında dünyasını dəyişib.

Fəridə Cəfər qızı Məmmədova 1936-cı il avqustun 8-də Şirvan şəhərində (keçmiş Əli Bayramlı) anadan olub. 1955–1960-cı illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsində təhsil alıb. 1960-cı ildən Azərbaycan EA-nın Tarix İnstitutunda işləməyə başlayıb, 2002-ci ildə Azərbaycanın tarixi coğrafiyası (hazırda “Azərbaycanın tarixi coğrafiyası və demoqrafiyası) şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

1962–1969-cu illərdə Leninqrad (indiki Sankt-Peterburq) şəhərində SSRİ EA Şərqşünaslıq İnstitutunda təcrübə keçib və həmin elmi qurumun aspirantı olub. Qədim fars (mixi yazı), orta fars (pəhləvi), qədim erməni (qrabar) və qədim gürcü dillərini də öyrənən alim daha qədim mənbələrin araşdırılması istiqamətində yorulmadan çalışıb.

Fəridə Məmmədova 1971-ci ildə “Musa Kalankatlının “Alban tarixi” Qafqaz Albaniyasının ictimai quruluşunun mənbəyi kimi” mövzusunda namizədlik (fəlsəfə doktoru), 1987-ci ildə “Qafqaz Albaniyasının siyasi tarixi və tarixi coğrafiyası” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. O, 1978-ci ildən Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət Pedaqoji Universitetində, 1997–1998-ci illərdə Xəzər Universitetində və 1998-ci ildən Qərb Universitetində dərs deyib. 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilən alim 2006-ci ildən Milli Aviasiya Akademiyasında İctimai fənlər kafedrasının müdiri vəzifəsində çalışıb.

Azərbaycan tarix elminin inkişafında xidmətləri yüksək qiymətləndirilən Fəridə Məmmədova “Əməkdar elm xadimi” fəxri adına, Dövlət mükafatına, “Şöhrət” ordeninə layiq görülüb.  

Alimin “Qafqaz Albaniyasının siyasi tarixi və tarixi coğrafiyası” (1986), “Azərbaycanın tarixi coğrafiyası” (kollektiv monoqrafiya, 1988), “Azərbaycanın siyasi tarixi və tarixi coğrafiyası” (1993), “Qafqaz Albaniyasında xristianlıq” (2003), “Qafqaz Albaniyası və albanlar” (2005) monoqrafiyası qədim Azərbaycan dövləti olan Qafqaz Albaniyasının tarixinə işıq salan əhəmiyyətli əsərlərdir. Müəllif “Qafqaz Albaniyası və albanlar” əsərində qeyd edib ki, 1836-cı ildən başlayaraq erməni kilsəsi alban etno-mədəni irsinə yiyələnmək məqsədilə alban ədəbiyyatını erməni dilinə çevirib və onu erməni tarixinə uyğunlaşdırıb. Alim həmçinin sübut edib ki, Qarabağ heç vaxt Qafqaz hüdudlarından kənarda, Kiçik Asiya, Şərqi Anadolu ərazisində yaranmış siyasi-inzibati qurumlarının tərkibində olmayıb.

Allah rəhmət eləsin.