Tarix üzrə elmlər doktoru, professor Aydın Balayev dekabrın 6-da vəfat edib.

Aydın Hüseynağa oğlu Balayev 19 noyabr 1956-cı ildə Bakıda anadan olub. Bakı Dövlət Universitetinin Tarix fakültəsində və M.V.Lomonosov adına Moskva Dövlət Universitetində təhsil alıb. “Azərbaycanın milli qrupları arasında etnodilçilik prosesləri” mövzusunda namizədlik (fəlsəfə doktoru), “1917–1918-ci illərdə Azərbaycan milli hərəkatı” mövzusunda elmlər doktorluğu dissertasiyalarını müdafiə edib.

Alim XX əsrin əvvəlində ölkəmizdə milli hərəkatın təşəkkülü, Azərbaycan türklərinin milli ideologiyasının və milli identikliyinin formalaşması proseslərini araşdırıb.

Aydın Balayev eyni zamanda çağdaş dövrdə Azərbaycanda gedən etnososioloji prosesləri də diqqətdə saxlayıb, bununla bağlı elmi əsərlər yazıb.

Alimin “1917-1918-ci illərdə Azərbaycan istiqlal hərəkatı” (1998), “XIX-XX əsrlərdə etnolinqvistik proseslər” (2005), “Fevral inqilabı və milli nailiyyətlər” (2008, Moskva), “Məhəmməd Əmin Rəsulzadə” (2009, Moskva), “Azərbaycan türkləri: milli şüur prosesləri” (2010) və digər monoqrafiya və kitabları elmi ictimaiyyət tərəfindən maraqla qarşılanıb.

Ruhu şad olsun.