Professor Qara Məşədiyev vəfat edib

 

Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun Toponimika sektorunun müdiri, Milli Məclis yanında Toponimiya Komissiyasının üzvü, filologiya elmləri doktoru, professor Qara Məşədiyev dekabrın 7-də, 82 yaşında vəfat edib.

Qara İbrahim oğlu Məşədiyev 15 may 1939-cu ildə Gədəbəy rayonunun Göyəmli kəndində dünyaya gəlib. 1956-cı ildə Çayrəsullu kənd orta məktəbini bitirib, 1961–1966-cı illərdə Azərbaycan Pedaqoji Dillər İnstitutunda (indiki ADU) təhsil alıb. 1966-cı ildən 1968-ci ilədək Gədəbəy rayonunun Maarif kənd səkkizillik məktəbində müəllim işləyib.

Qara Məşədiyev 1968-ci ildən Azərbaycan Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunda çalışmağa başlayıb, kiçik elmi işçidən şöbə müdiri vəzifəsinədək yol keçib. Dilçiliyin müxtəlif sahələrində, xüsusilə onomastika üzrə araşdırmalar aparıb, uzun illər institutun Onomastika şöbəsinə rəhbərlik edib.

Alim 1974-cü ildə “Müasir Azərbaycan ədəbi dilində adlıq cümlə” mövzusunda namizədlik (fəlsəfə doktoru) dissertasiyası, 1991-ci ildə “Qafqazın ərazi və tayfalarının təsviri materialları məcmuəsi”ndə (SMOMPK) qeydə alınmış onomastik vahidlərin tarixi-etimoloji təhlili” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1998-ci ildə professor elmi adı alıb.

Tanınmış alim “Müasir Azərbaycan dili” (1981), “Azərbaycan dilinin semasiologiyası” (1985), “Azərbaycan dilinin onomastikası” (1987), “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti” (iki cilddə, 2007) kitablarının müəlliflərindəndir. “Zaqafqaziyanın Azərbaycan toponimləri” (1990) və “Nitq hissələrinin semantikası (oçerklər)” (1998) və “Azərbaycan dilində ayamaların izahlı lüğəti” (2018) professor Qara Məşədiyevin diqqətəlayiq elmi əsərlərindəndir. O, eyni zamanda ölkəmizdə və xaricdə çap olunmuş 100-dən artıq elmi məqalənin müəllifidir. 

Qara Məşədiyev Azərbaycan dilçilik elmini zənginləşdirən, öz dəst-xətti ilə seçilən elm xadimlərindən biridir. O, Azərbaycan dilçiliyinin istiqamətlərinin müəyyənləşdirilməsində, dilçiliyin aktual problemlərinin tədqiqində və tədrisində böyük xidmətlər göstərib. Alimin rəhbərliyi ilə 30-dan çox elmlər namizədi (fəlsəfə doktoru) və 6 elmlər doktoru yetişdirilib. Xarici ölkələrdə keçirilən simpozium və elmi konfranslarda Azərbaycan elmini layiqincə təmsil edib.

Qara Məşədiyev illər öncə qəzetimizə müsahibəsində demişdi: “Dünya dilləri arasında Azərbaycan dili qədər saf, gözəl, oynaq, musiqili, başqa dillərə daha asan tərcümə olunan dil yoxdur. Çox incə, musiqili dilimiz var. Müstəqil ölkəyik, qapılarımız dünya ölkələrinin üzünə açıqdır. Ölkəmizdə xarici şirkətlər fəaliyyət göstərir. Təəssüf ki, şəhərimizdə çox adları ingilis dilində yazırlar ki, bu da dilin qanunlarını pozur. Düzdür, dünya dilləri ilə əlaqədə, münasibətdə olmalıyıq, beynəlxalq sözlər istər-istəməz dilimizə daxil olur. Onları qəbul etməliyik. Ancaq çalışıb dilimizə daxil olan sözlərin qarşılığını tapmalıyıq. Biz dilimizin qayğısına qalmalıyıq və onları kənar təsirlərdən qorumalıyıq”.

Azərbaycan dillin zənginliyinin qorunması, saflığı uğrunda yorulmadan çalışan fədakar elm xadimlərindən biri də professor Qara Məşədiyev idi. Dilçilik elmimizdə böyük irs qoymuş alim haqqında bundan sonra keçmiş zamanda danışacağıq.

Qara Məşədiyev dekabrın 8-də Gədəbəy rayonunda, doğma yurdunda torpağa tapşırılıb.

Qəbri nurla dolsun.