Tələbə aktyorların ifasında tamaşa

 

Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi münasibətilə dekabrın 29-da Heydər Əliyev Sarayında “Beş qapı” tamaşası təqdim olunacaq.

Nizaminin hikmətlər xəzinəsi – “Xəmsə”nin motivləri əsasında hazırlanan tamaşa Mədəniyyət Nazirliyinin dəstəyi, Heydər Əliyev Sarayı və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birgə təşkilatçılığı ilə nümayiş etdiriləcək.

Heydər Əliyev Sarayının “Nizami Gəncəvi İli” çərçivəsində son tədbiri olan tamaşanın ssenari müəllifi Şahin Musaoğlu, bəstəkarı Tamilla Əhədova, quruluşçu rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyevdir.

Layihənin məqsədi “Xəmsə”dəki poemalarda əks etdirilən hadisələrin beş qapı vasitəsilə açılması və Nizami irsinin təbliğidir. Hər qapı bir poemanın konsepsiyasına uyğun məzmun və ideyanı özündə birləşdirərək xoreoqrafik, pantomim elementlərdən ibarət təsvirlərlə canlandırılır.

Tamaşada ADMİU-nun aktyor sənəti ixtisası üzrə təhsil alan tələbələri çıxış edəcək.