Dekabrın 11-də Bakıdakı Xətai Sənət Mərkəzində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş akvarel vorkşopu keçiriləcək.

Mədəniyyət Nazirliyi, Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) dəstəyi, Beynəlxalq Sulu boya Cəmiyyətinin (İWS Globe) Azərbaycandakı nümayəndəliyi olan “İWS Azerbaijan” və “İWS Khatai Art Center”in təşkilatçılığı ilə gerçəkləşəcək vorkşop “Nizami Gəncəvi və yaradıcılığı ilə bağlı hər bir janr (fiqurativ, mənzərə, natürmort)” mövzusuna həsr edilib.

Vorkşopun məqsədi akvarel sənətinin ölkəmizdə yayılması və inkişaf etməsi, rəssamların yaradıcı ünsiyyəti, bilik və təcrübələrini bir-biri ilə bölüşmələrinə şərait yaratmaqdır.

Tədbirdə ADMİU-nun Moda fakültəsi 4-cü kurs tələbələrinin Nizaminin "Yeddi gözəl" əsərinə həsr edilmiş geyim nümunələri də təqdim ediləcək. Vorkşopda iştirak edən rəssamlar isə istəklərinə görə bu əl işi olan geyim nümunələrini naturadan çəkə biləcəklər.

Vorkşopda iştirak etmək üçün “İWS Azerbaijan”ın “İnstagram” səhifəsinin direktinə öz əsərləriniz olan səhifənizin linkini və ya 2-3 akvarel işlərinizdən göndərə bilərsiniz. Seçim edildikdən sonra qeydiyyata düşməyiniz haqqında məlumat veriləcək.

Tədbirdə 18 yaşdan yuxarı rəssamlar iştirak edə bilərlər. Qeydiyyatdan keçmiş rəssamlar özləri ilə boya, kağız və fırçalarını gətirməlidirlər. Molbertlər isə qalereya tərəfindən təqdim ediləcək. Akvarel vorkşopunda tamaşaçı kimi iştriak sərbəstdir.

Qeyd edək ki, akvarel vorkşopunun media dəstəkçiləri arasında “Mədəniyyət” qəzeti də var.