Ölkəmizdə ilk incəsənət yönlü ali təhsil ocağı olan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) 2023-cü ildə 100 yaşı tamam olur.

Təhsil ocağının yubileyi ilə bağlı yaradılmış Təşkilat komitəsinin ilk iclası keçirilib. İclasda 2022-2023-cü il üçün tədbirlər planı müzakirə olunub.

Universitetin rektoru, professor Ceyran Mahmudova bildirib ki, əlamətdar yubiley münasibətilə “ADMİU-99+” və “ADMİU-100” adlı silsilə layihələrin həyata keçirilməsi planlaşdırılır.

Qeyd olunub ki, 2022-ci ildən etibarən yubileylə əlaqədar incəsənətin müxtəlif yönlərini əks etdirən tədbirlər keçiriləcək. Bu xüsusda universitet tələbələrinin yaradıcılıq işlərindən ibarət kino və teatr festivallarının, məzunların forumunun, müxtəlif ali təhsil müəssisələrində ADMİU-nun yubiley tədbirlərinin, silsilə elmi-praktik konfransların keçirilməsi ilə bağlı təkliflər müzakirə olunub. Bundan əlavə, universitetin tarixini əks etdirən kitabın, həmçinin “Universitetin tarixi fotolarda” adlı fotoalbomun nəşr edilməsi, dövri mətbuatda “ADMİU-100” rubrikası altında məqalələrin dərc olunması, ali təhsil ocağının inkişaf yolunu əks etdirən sənədli filmin hazırlanması və s. kimi təkliflər də diqqətə çatdırılıb.

Qeyd edək ki, universitetin tarixi Azərbaycan Maarif Komissarlığının qərarı ilə 1923-cü ildə yaradılmış Bakı Teatr Məktəbindən götürülür. M.F.Axundzadə adına Bakı Teatr Məktəbi həmin dövrdə təkcə ölkəmiz üçün deyil, Özbəkistan, Türkmənistan, Dağıstan, Krım və digər regionlar üçün də aktyor və rejissor kadrları hazırlayırdı.

1945-ci ildə bu məktəbin bazasında Teatr İnstitutu yaradılıb və 1968-ci ildən bu ali təhsil ocağı Azərbaycan Dövlət İncəsənət İnstitutu adlandırılmağa başlayıb. 1991-ci ildə isə universitet statusu qazanıb. Hazırda ADMİU-da 5 fakültə, 25 kafedra mövcuddur, 19 ixtisas üzrə mütəxəssis hazırlanır.