Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Suraxanı rayon Heydər Əliyev Mərkəzi və Q.Abbasov adına Suraxanı Mədəniyyət sarayının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin vəfatının 18-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə ulu öndərin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar. 

Sonra mərkəzin rəssamı Aynur Novruzova və rəsm dərnəyi üzvlərinin əl işlərindən ibarət rəsm sərgisi ilə tanış olublar.

Dövlət himnimiz səsləndirildikdən sonra ulu öndər Heydər Əliyev və suverenliyimiz, ərazi bütövlüyümüz uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin direktor əvəzi Vüsalə Qasımova açaraq qonaqları salamlayıb və ümummilli liderin həyat yolu və dövlətçilik  fəaliyyətindən bəhs edib. Bildirib ki, Heydər Əliyevin xalqımıza ərməğan qoyub getdiyi zəngin dövlətçilik irsi bu gün də, sabah da öyrənilməli, onun əsas mahiyyəti dərk edilməlidir. Bu zəngin siyasi irs müstəqil Azərbaycan dövlətinin sütunudur. Məhz bu qüdrətli sütunlar üzərində ucalan müasir Azərbaycan güclü ola bilib.

Digər çıxışlarda da Heydər Əliyevin Azərbaycan xalqı qarşısında böyük xidmətlərindən söhbət açılıb, örnək həyat yolu və uzaqgörən siyasətinin ölkəmizə bəxş etdiyi uğurlardan danışıblar. O da vurğulanıb ki, böyük dövlət xadiminin ideyaları gələcəkdə də neçə-neçə siyasət adamına istiqamət verəcək, örnək olacaq.

Sonra bədii qiraətçilər və şagirdlər ulu öndərə həsr olunmuş şeirləri səsləndirib, mahnılar ifa edilib, videoçarxlar, kompozisiyalar nümayiş olunub.