Misir növbəti üç ildə İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatına (İCESCO) sədrlik edəcək. Dekabrın 9-da Misirin paytaxtında keçirilən İCESCO Baş Konfransının XIV sessiyasında bu ölkənin ali təhsil və elmi tədqiqatlar naziri Xalid Əbdel Ğaffar sədrliyi Fələstin nümayəndəsindən təhvil alıb.

Beləliklə, İCESCO-nun Baş Konfransının XV sessiyasına qədər olan dövrdə təşkilatın ümumi fəaliyyətinə Misirin Milli Komissiyası rəhbərlik edəcək. Eyni zamanda, Qabon nümayəndəsi Baş Konfransın sədr müavini, Pakistan təmsilçisi isə məruzəçisi seçiliblər.

Sessiyada çıxış edən İCESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Baş Konfransın yeni sədrini və rəhbər heyətini təbrik edib.

Sessiyada İCESCO-nun “İslam Dünyasının Mədəniyyət Paytaxtı” proqramının 2022-ci ildə icrası ilə bağlı müzakirə də aparılıb. 2022-ci ildə “İslam Dünyasının Mədəniyyət Paytaxtı” adını Misirin Qahirə və Mərakeşin Rabat şəhərləri daşıyacaq. Qahirə 2020-ci il üçün bu ada layiq görülsə də, pandemiya səbəbindən “paytaxt ili” tədbirləri keçirilməmişdi.