Medianın İnkişafı Agentliyində bir sıra media subyektlərinin rəhbər və nümayəndələrinin iştirakı ilə görüş keçirilib. Görüş media sahəsində həyata keçirilən islahatlar çərçivəsində görülən işlərin müzakirəsinə həsr olunub.

Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov çıxışında qeyd edib ki, ölkə başçısının “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” 2021-ci il 12 yanvar tarixli fərmanı müvafiq sahədə islahatların yol xəritəsidir. Bildirib ki, normativ hüquqi bazanın təkmilləşdirilməsi, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin peşəkarlığının, məsuliyyətinin və cəmiyyətin media savadlılığının artırılması bu islahatların əsas istiqamətləridir.

Əhməd İsmayılov qeyd edib ki, media subyektlərinin vergi güzəştləri və digər sosial təminatlardan da yararlanması üçün layihələr üzərində iş gedir.

Onun sözlərinə görə, agentlik həm “Media haqqında” qanunun, həm də Vergi Məcəlləsinə dəyişikliklərin eyni vaxtda qəbul olunmasını istəyir. Məcəlləyə dəyişikliklərdə isə media subyektlərinə 5 il müddətinə vergi güzəştləri edilməsi təklif olunur. Buraya media subyektlərinin həm mənfəət, həm də ƏDV-dən azad edilməsi təklifləri daxildir.