Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov Misir Ərəb Respublikasına səfəri zamanı bu ölkənin mədəniyyət naziri İnes Abdel-Dayem ilə görüşüb.

Görüşdə Azərbaycanın Misirdəki səfiri Tural Rzayev və Qahirə Opera Teatrının direktoru Maqdi Sabir də iştirak ediblər.

Qonaqları salamlayan İnes Abdel-Dayem iki ölkə arasında opera, kinematoqrafiya sahəsində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətindən danışıb.  Nazir Misirlə Azərbaycan arasında dostluq, mədəni əməkdaşlıq münasibətinin bundan sonra da uğurla davam etdiriləcəyinə inamını ifadə edib.

Anar Kərimov dəvət üçün həmkarına təşəkkürünü bildirərək, iki ölkə arasında əməkdaşlığın bir sıra sahələrdə uğurla davam etdiyini vurğulayıb, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək, mədəniyyət sahəsində tərəfdaşlığı yüksək dəyərləndirdiyini deyib. Bildirilib ki, Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində Misirlə mədəni irs sahəsində birgə səylərə xüsusi önəm verir. Nazir qədim mədəniyyət mərkəzi olan Qahirə şəhərinin incəsənət, muzey və digər sahələrdə çoxşaxəli təcrübəsindən Azərbaycanın yararlanmaq niyyətində olduğunu da vurğulayıb.

Anar Kərimov həmkarına Azərbaycan Prezidentinin təşəbbüsü ilə 2008-ci ildə irəli sürülmüş mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi” haqda məlumat verərək, bu ilin əvvəlində ölkəmiz tərəfindən “Mədəniyyət naminə sülh” (Peace4Culture) qlobal  təşəbbüsünün də əsasının qoyulduğunu bildirib. Nazir Azərbaycan Respublikasının regionda davamlı sülh naminə bir sıra layihələrə imza atdığını vurğulanıb.

***

Səfər çərçivəsində nazir Anar Kərimovun Misirin Əl-Azar Universitetinin baş imamı Şeyx Əhməd əl-Tayiblə görüşü də keçirilib.

İki ölkə arasında dostluq münasibətinin qədim köklərə dayandığını bildirən Anar Kərimov mədəniyyətlərarası dialoqun inkişafında Misirin mühüm rolunu vurğulayıb. Nazir Azərbaycanın mədəniyyətlərarası dialoqa dair təşəbbüsü olan “Bakı Prosesi”, bu platformada ənənəvi olaraq keçirilən Dünya  Mədəniyyətlərarası Dialoq Forumu, eləcə də ölkəmizin bu xüsusda yeni təşəbbüsü – “Mədəniyyət naminə sülh” (Peace4Culture) qlobal kampaniyası barədə məlumat verib. 2022-ci ildə Bakıda növbəti Dünya  Mədəniyyətlərarası Dialoq Forumunun planlaşdırıldığını qeyd edən mədəniyyət naziri Şeyx  Əhməd əl-Tayibi foruma qatılmağa dəvət edib.

Anar Kərimov söhbət zamanı işğaldan azad olunmuş ərazilərimizdə erməni barbarlığı, otuz ilə yaxın işğal müddətində dağıdılmış dini məbədlərimiz, mədəniyyət abidələrimiz barədə danışıb. Vurğulanıb ki, bu vandalizm təkcə Azərbaycana deyil, ümumilikdə İslam dünyasına qarşı törədilib. Həmçinin qeyd edilib ki, “Mədəniyyət naminə sülh” qlobal təşəbbüsü çərçivəsində Azərbaycan sülhü təbliğ etməyə, bölgədə əmin-amanlığa nail olmaq yolunda faydalı addımlar atmağa hazırdır və bu istiqamətdə bir sıra işlər görülür.

Şeyx Əhməd əl-Tayib nazirin Dünya  Mədəniyyətlərarası Dialoq Forumuna dəvətini məmnuniyyətlə qəbul etdiyini vurğulayıb. O, Azərbaycanın illər boyu mədəniyyətlərarası dialoqun inkişafında gördüyü işlərin təqdirəlayiq olduğunu deyib.

Tərəflər həmçinin İslam dininə qarşı bəzi qüvvələrin apardığı yanlış təbliğatı qınayaraq dinimizin sülh və barışığa çağırış olduğunu vurğulayıb və bunu ən gözəl nümunələrlə dünyaya çatdırmağın önəmindən danışıblar.