İCESCO Baş Konfransının sessiyasında Qarabağda işğal müddətində məhv edilmiş mədəni irsin bərpasından bəhs olunub

 

Xəbər verdiyimiz kimi, 8-9 dekabr tarixlərində Misirdə İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatı (İCESCO) Baş Konfransının 14-cü sessiyası keçirilib. 49 ölkənin təmsil olunduğu sessiyada mədəniyyət naziri Anar Kərimovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti də iştirak edib.

Sessiyanın açılışında Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əl-Sisi, İCESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik çıxış ediblər.

Mədəniyyət naziri Anar Kərimov dekabrın 8-də sessiyada çıxış edib. Nazir 2020-ci ildə Azərbaycanın öz tarixi torpaqlarını işğaldan azad etdiyini diqqətə çatdıraraq, bu torpaqların otuz ilə yaxın Ermənistanın işğalı altında olduğu müddətdə dağıdılmış, məhv edilmiş maddi və mənəvi irsimiz, tarixi abidələrimiz, dini məbədlərimiz barədə sessiya iştirakçılarına ətraflı məlumat verib. Anar Kərimov çıxışında işğal dövründə muzeylərimizə qarşı törədilən mənəvi terrordan da söz açaraq erməni qəsbkarlarının oğurladığı, talan etdiyi eksponatların acı taleyindən bəhs edib.

Nazir həmçinin Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə 2008-ci ildə mədəniyyətlər və sivilizasiyalar arasında səmərəli və effektiv dialoqun qurulması məqsədilə irəli sürülmüş “Bakı Prosesi” haqqında danışıb. “Bakı Prosesi”nin davamı kimi bu ilin əvvəlində ölkəmiz tərəfindən “Mədəniyyət naminə sülh” (Peace4Culture) qlobal təşəbbüsünün də əsasının qoyulduğu diqqətə çatdırılıb. Regionda davamlı sülhün təmin edilməsi və mədəniyyətin dirçəlməsi üçün bu təşəbbüsün önəmi vurğulanıb. Anar Kərimov qeyd edib ki, Azərbaycan dövləti tərəfindən işğaldan azad olunan torpaqlarımızda genişmiqyaslı bərpa və quruculuq işləri başlanıb. Bu torpaqlardakı tarix və mədəniyyət abidələri, o cümlədən məscidlərlə yanaşı, xristian kilsələri də bərpa edilir.

Nazir bu görülən işlərə göstərilən dəstəyə görə İCESCO-ya və şəxsən Baş katibə təşəkkürünü bildirib və təşkilatın güclənməsinə, səmərəliliyinin artırılmasına yönələn islahatları alqışladığını vurğulayıb.

Qeyd edək ki, İCESCO və ümumilikdə İslam dünyası Azərbaycanın otuz ilə yaxın məruz qaldığı işğalçılığa qarşı hər zaman prinsipial mövqe nümayiş etdirərək ölkəmizin haqq işini dəstəkləyib. Bununla bağlı istər İCESCO, istərsə də müsəlman dövlətlərinin əsas siyasi qurumu olan İslam Əməkdaşlıq Təşkilatı (2011-ci ilədək İslam Konfransı Təşkilatı)  tərəfindən çoxsaylı qətnamələr qəbul olunub.

Yeri gəlmişkən, dekabrın 9-da ölkəmizin bu təşkilata üzvlüyünün 30 ili tamam oldu. 1991-ci ilin həmin günü İslam ölkələri dövlət başçılarının Seneqalın paytaxtı Dakarda keçirilən zirvə toplantısında Azərbaycan Respublikası İslam Konfransı Təşkilatına üzv qəbul edilib. Bu, müstəqil Azərbaycanın üzv olduğu ilk beynəlxalq təşkilat idi.

Azərbaycan da öz növbəsində ötən illərdə İslam ölkələri arasında əməkdaşlığa, o cümlədən mədəni əlaqələrə öz töhfələrini verib. Ölkəmiz 2015-ci ilin noyabrında İCESCO Baş Konfransının 12-ci sessiyasına və təşkilatın İcraiyyə Şurasının 36-cı iclasına ev sahibliyi edib.

Baş Konfrans İCESCO-nun ali qurumudur və onun sessiyaları üç ildən bir keçirilir. 14-cü sessiyada İCESCO-nun 2019-2021-ci illərdə fəaliyyəti qiymətləndirilib, təşkilatın hesabatı, gələcək fəaliyyət istiqamətləri üzrə müzakirələr aparılıb.

Sessiya zamanı mədəniyyət naziri Anar Kərimovun bir sıra görüşləri də olub. Anar Kərimov İCESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik, Misirin ali təhsil və elmi araşdırmalar naziri Xalid Əbdülğaffar və Misirin Baş müftisi Şövqi Allam ilə görüşüb.

 

Mədəniyyət Nazirliyi tərəfindən sərgi təşkil olunub

 

Misirdə İCESCO Baş Konfransının 14-ci sessiyası ilə bərabər II Ali Təhsil və Elmi Tədqiqatlar üzrə Qlobal Forum da təşkil olunub. 8-10 dekabr tarixində Qahirə şəhərində keçirilən Foruma mədəniyyət naziri Anar Kərimovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti də qatılıb.

Forum çərçivəsində ölkəmiz üçün ayrılmış guşədə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə sərgi açılıb.

Sərgidə ölkəmizin mədəniyyəti və tarixindən bəhs edən videoçarxlar, 2021-ci  ildə 880 illik yubileyi qeyd olunan dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhəri, o cümlədən Qarabağ haqqında dolğun məlumatlar ziyarətçilərə təqdim olunur. Həmçinin ziyarətçilərə ölkəmiz haqqında kitablar da paylanılır.