Anar Kərimov Dubayda Dünya Yaradıcı İqtisadiyyat Konfransında çıxış edib

 

7-9 dekabr tarixində Dubay şəhərində “Expo 2020 Dubai” sərgisi çərçivəsində “Dünya Yaradıcı İqtisadiyyat Konfransı – 2021” təşkil edilib. Konfransda ölkəmiz də təmsil olunub.

Dekabrın 9-da “Dünya Yaradıcı İqtisadiyyat Konfransı – 2021”in Nazirlər paneli keçirilib. Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov toplantıda iştirak edib. Tədbirə Birləşmiş Ərəb Əmirliklərinin mədəniyyət naziri xanım Noura Bint Mohammed Əl-Kaabi, İndoneziyanın turizm və yaradıcı iqtisadiyyat naziri və digər ölkələrin nazirləri də qatılıb.

Paneldə çıxış edən nazir Anar Kərimov müasir dövrdə yeni qlobal trend kimi yaradıcılıq, eləcə də yaradıcı iqtisadiyyatın əhəmiyyətini vurğulayıb, Birləşmiş Millətlər Təşkilatı tərəfindən “Dayanıqlı İnkişaf naminə Yaradıcı İqtisadiyyat İli” elan olunmuş 2021-ci ildə ölkəmizdə həyata keçirilən fəaliyyətlər barədə görüş iştirakçılarını məlumatlandırıb.

Anar Kərimov mədəniyyət sahəsinin, eləcə də mədəniyyət və yaradıcı sənayelərin (MYS) innovativ və dayanıqlı inkişafını hədəfləyən Milli Mədəniyyət Strategiyası, MYS-lər üzrə geniş məlumatlandırma, təbliğat və təşviqat işini həyata keçirən “Kreativ Azərbaycan” platforması, nazirliyin dəstəyi ilə yeni yaradılan Azərbaycan Yaradıcı Sənayelər Federasiyası barədə danışıb.

Nazir bildirib ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın işğal altında olan ərazilərini azad etməsi ilə həmin ərazilərdə mədəni həyatın, eləcə də yaradıcılıq ənənələrinin yenidən dirçəldilməsinə başlanıb. Xalqımızın qədim mədəniyyət beşiyi olan Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib və yenidən regionun yaradıcı mərkəzinə çevriləcək.

Anar Kərimov çıxışı zamanı yerli və beynəlxalq tərəfdaşlarla araşdırma və planlaşdırma işləri, birgə layihələr, o cümlədən özəl sektorla əməkdaşlıq, qeyri-hökumət təşkilatlarının dəstəklənməsi istiqamətində görülən işlər barədə də məlumat verib.

***

“Expo 2020 Dubai” sərgisi çərçivəsində təşkil olunan Dünya Yaradıcı İqtisadiyyat Konfransında panel sessiyalar da keçirilib.

Mədəniyyət Nazirliyi Aparatının rəhbəri, Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının sədri Vasif Eyvazzadə və nazirliyin Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Ramil Abbəkirov tədbirlərdə iştirak ediblər.

“İndi və sonra: yaradıcı iqtisadiyyatın təkamülü”, “Qlobal yararadıcı şəhərlərin qurulması”, “Mədəniyyət və yaradıcı sənayelərin (MYS) qlobal gündəliyi: 11 başlıca addım”, “Şəhər planlaşdırması və MYS sektorlarının yerləşdirilməsi”, “Yaradıcı dözümlülük”, “Yeni inklüziv yaradıcı dünya üçün dərslər”, yaradıcı təhsil, texnologiya transformasiyası, süni intellekt və digər mövzularda sessiyalar təşkil olunub.

Tədbir çərçivəsində “Kreativ Azərbaycan” platforması və yaradıcı iqtisadiyyatın inkişafı ilə əlaqədar fikir mübadiləsi də aparılıb.