Azərbaycan azad edilmiş ərazilərində UNESCO texniki missiyasının həyata keçirilməsində ən maraqlı olan tərəfdir. Xalqımızın mədəni irsi misli görünməmiş dağıntıya, vəhşiliyə məruz qalıb, talan, viran, yerlə yeksan edilib. Bunun beynəlxalq ictimaiyyətə çatdırılması bizim üçün ən önəmli və strateji məsələdir.

UNESCO yanında Azərbaycan Daimi Nümayəndəliyinin rəhbəri, səfir Elman Abdullayev bu fikri AZƏRTAC-a müsahibəsində deyib.

Səfir qeyd edib ki, 30 ilə yaxın Ermənistanın işğalı altında olan torpaqlarımız İkinci Qarabağ müharibəsi nəticəsində azad edildikdən sonra bu ərazilərdə ermənilər tərəfindən törədilmiş vəhşiliklər, cinayətlər, vandallıqlar haqqında UNESCO-nun, eləcə də təşkilatda müxtəlif ölkələrin akkreditə olunmuş nümayəndələrinin məlumatlandırılması istiqamətində vacib addımlar atılıb. Təşkilatın, eləcə də müxtəlif ölkələrin akkreditə olunmuş nümayəndələrinə müvafiq konvensiyalar çərçivəsində məlumatlar təqdim olunub. Çünki mədəni irslə bağlı törədilən cinayətlərin hər biri müvafiq kateqoriyalara görə aidiyyəti konvensiyalarla tənzimlənir. Əsasən mədəni irsin dağıdılmasından, təhqir olunmasından, mədəni irs nümunələrinin qeyri-qanuni idxalı, ixracı, ümumiyyətlə, bir çox məqamlar var ki, onlar müvafiq konvensiyalarla tənzimlənir. Bu konvensiyalar çərçivəsində UNESCO-nun aidiyyəti alt-qurumları, alt-komitəsi ilə müvafiq işlər aparılıb.

Bildirilib ki, 2021-ci ildə nominasiyalar baxımından da ölkəmiz üçün uğurlu olub. Lənkəran şəhəri UNESCO tərəfindən Yaradıcı Şəhərlər Şəbəkəsinə daxil edilib. Bu siyahıda artıq 3 şəhərimiz – “sənət və sənətkarlıq” nominasiyası üzrə Şəki (2017), “dizayn” nominasiyası üzrə Bakı (2019) və “qastronomiya” nominasiyası üzrə Lənkəran şəhəri (2021) yaradıcı şəhərlər sırasında layiqli yerlərini tutublar.

Bu il ölkəmizin görkəmli şəxsiyyətlərinin adı “Yubileylər siyahısı”na salınıb. Görkəmli bəstəkar Fikrət Əmirovun 100 illik və xeyriyyəçi Zeynalabdin Tağıyevin 200 illik yubileyləri qurumun 2022-2023-cü illər üzrə “Yubileylər siyahısı”na daxil edilib.

Azərbaycan 2021-ci il noyabrın 17-də UNESCO-nun İcraiyyə Şurasına üzv seçilib. Şuranın 58 üzv ölkəsi ilə birlikdə ölkəmiz qurumun vacib mexanizm və qərarlarının qəbul olunmasında yaxından iştirak edəcək. Bu, ölkəmiz üçün çox vacibdir. Qarşıdan gələn 4 il müddətində ölkəmiz UNESCO-nun vacib və strateji istiqamətlərinə töhfə verəcək.

Cari ilin uğurlarından biri də ölkəmizin 1954-cü il Haaqa Konvensiyasının ikinci Protokolu Komitəsinə üzv seçilməsidir. Postmünaqişə dövründə Azərbaycanın bu Komitəyə seçilməsi çox vacibdir. Ölkəmiz bu Komitəyə əvvəllər də töhfə verib, ancaq indi onun üzvü kimi daha çox kömək göstərəcək. Əvvəlki illərdə daimi nümayəndəliyimiz tərəfindən silahlı münaqişələrdə bələdçi kitabının hazırlanması, Komitənin müvafiq alt-komitəsinin təşkilində ölkəmizin texniki və maddi dəstəyi xüsusi önəm kəsb edib. Qarşıdan gələn 4 il müddətində Komitənin fəaliyyətinə töhfə veriləcək.

“Azərbaycan UNESCO ilə əməkdaşlığa böyük əhəmiyyət verir. Azərbaycan bu təşkilatın dəyər və prinsiplərinin dünyada təbliğində ən çox rolu olan ölkədir. Ölkəmiz qurumun ən əhəmiyyətli tərəfdaşlarındandır. UNESCO-da ölkəmizin həmişə xüsusi çəkisi, rolu olub. Bu, belə də davam edəcək. Bu gün Azərbaycan dünyanın ən önəmli və aparıcı ölkələrindən biridir. Beynəlxalq arenada olduğu kimi, UNESCO-da da öz sözünü deyir.

İkinci Qarabağ müharibəsindən sonra ölkəmiz üçün ən strateji məqsədlərdən biri də həqiqətlərimizin beynəlxalq ictimaiyyətə çatdırılması və bu işin davamlılığının təmin olunmasıdır. Ermənistanın 30 il ərzində törətdiyi cinayətləri hamı bilməlidir”, - deyə daimi nümayəndə diqqətə çatdırıb.

Bildirilib ki, Azərbaycan və UNESCO hazırda işğaldan azad edilmiş ərazilərimizə texniki missiyanın həyata keçirilməsi məsələsini müzakirə edirlər. İşğal edilmiş ərazilərimizə UNESCO-nun texniki missiyasının göndərilməsi məsələsi illər əvvəl Azərbaycan tərəfindən qaldırılıb. Texniki missiyanın həyata keçirilməsi də məhz Azərbaycanın təşəbbüsüdür. Ölkəmiz bu missiyanın reallaşmasında maraqlı olmaqla yanaşı, onun vacibliyini qurum rəsmilərinin diqqətinə çatdırıb. Bunun təsdiqini UNESCO-nun 2005-ci ildə dərc edilmiş 10 illik hesabatında da görürük. Həmin hesabatda UNESCO qeyd edib ki, Azərbaycan təşkilatdan tezliklə texniki missiyanın həyata keçirilməsini istəyir, ancaq Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında olmasına görə missiyanın həyata keçirilməsi mümkün olmayıb: “Bu gün missiyanı gözləyirik, bu istiqamətdə müvafiq işlər aparılır. UNESCO ilə danışıqlar davam edir. UNESCO, eləcə də bütün tərəflər yaxşı bilirlər ki, Azərbaycan texniki missiyanın həyata keçirilməsində ən maraqlı olan tərəfdir”.