2021-ci ildə ölkəmizdə ilk dəfə təşkil olunan “Yüksəliş” müsabiqəsi 2022-ci ildə də keçiriləcək. Prezident İlham Əliyev dekabrın 9-da bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsəsən, 2022-ci ildə “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçün Prezidentin ehtiyat fondundan Gənclər və İdman Nazirliyinə bir milyon manat ayrılıb.

Həmçinin dövlət başçısının “Yüksəliş” müsabiqəsinin təsis edilməsi haqqında” 2019-cu il 26 iyul tarixli 1354 nömrəli sərəncamında dəyişiklik edilib. Həmin sərəncamın 2-ci hissəsi ilə yaradılmış Təşkilat Komitəsinin tərkibi yeni redaksiyada verilib.

Təşkilat Komitəsinin sədri Azərbaycan Respublikası Prezidenti Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, üzvləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov, Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, təhsil naziri Emin Əmrullayev, xarici işlər naziri Ceyhun Bayramov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Milli Məclisin deputatı Ülvi Quliyev, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Balakişi Qasımovdur.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsinin məqsədi ölkəmizdə intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etməkdir.