Kamil Əliyev – 100

Xalqımızın həyatında müstəsna yer tutan xalça sənətinin parlaq ənənələrinin yaşadılmasına və inkişafına ömrünü həsr edən sənətkarlardan biri də Xalq rəssamı Kamil Əliyevdir. Onun yaratdığı portret-xalçalar tətbiqi sənətimizin qızıl fondunu təşkil edir. Rəssamın misilsiz nailiyyəti xalçanın səthində realistik, sanki canlı insan obrazını yaradan ən incə rəng, işıq-kölgə çalarları ilə işləmək bacarığı idi.

Kamil Müseyib oğlu Əliyev 1921-ci il oktyabrın 22-də qədim Azərbaycan şəhəri İrəvanda dünyaya göz açıb. Məktəbli ikən təsviri sənətə maraq göstərən Kamil 1936-cı ildə Bakı Rəssamlıq Məktəbinə qəbul olunur. Burada oxuduğu müddətdə müəllimlərinin məsləhəti ilə təhsildən ayrılmadan “Azərxalça” birliyində eksperimental laboratoriyada köçürücü rəssam kimi fəaliyyətə başlayır. Burada Lətif Kərimov, Qəzənfər Xalıqov, Kazım Kazımzadə və başqa görkəmli sənət adamları ilə çiyin-çiyinə çalışır. Bununla da Kamil Əliyev həm də ecazkar xalça dünyasına daxil olur. Təsviri sənətlə tətbiqi sənəti uğurlu sintez edərək xalçaçı rəssam kimi geniş şöhrət qazanır.

1941–1945-ci illər müharibəsində iştirak edən fırça ustası 1946-cı ildə ordudan qayıtdıqdan sonra da öz sevimli peşəsini davam etdirir, Respublika Bədii Fonduna rəhbər təyin olunur. O, həmçinin Bakı Zərgərlik Fabrikində direktor işləyir. Burada qızıl, gümüş və digər materiallarda özünün mahir bədii tərtibatçı, ornamental rəssam kimi məharətini ortaya qoyur.

1950-ci illərdən etibarən Kamil Əliyevin yaradıcılığında süjetli xalıların və portret-xalçalar geniş yer tutmağa başlayır. Azərbaycan və dünya klassiklərinin, görkəmli dövlət xadimlərinin portretlərini, onların yaradıcılığındakı hisslər və emosiyalar aləmini rəng çalarları vasitəsilə yüksək peşəkarlıqla ifadə edir.

Kamil Əliyev 1958-ci ildə ilk portret-xalçasını böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyinə həsr edir. Bu xalçanın təravətli, şux rəngli naxışları Füzuli lirikasının dərinliyini diqqətə çatdırır. Bu gün həmin xalı xalq sənətimizin qiymətli bir incisi kimi Azərbaycan Milli İncəsənət Muzeyinin daimi ekspozisiyasında yer alır. Rəssam daha sonra dahi şairlərimiz Nizami Gəncəvi və İmadəddin Nəsiminin yaradıcılığına, onların dünyagörüşünə xas olan cəhətləri xalça sənətinin ifadə vasitələri ilə açmaqla hər iki dühanın portretini xalça üzərində müvəffəqiyyətlə yaradır.

Sənətkar müxtəlif ölkələrin tanınmış siyasət və dövlət xadimlərinə də portret-xalçalar həsr edib. Hindistanda yaradıcılıq ezamiyyətində olarkən hind incəsənətinin incilərilə yaxından tanış olan Kamil Əliyev Vətənə qayıtdıqdan sonra Hindistanın görkəmli siyasi xadimi İndira Qandinin portret-xalçası üzərində işləyir. Nəhayət o, Azərbaycan və Hindistan sənəti üçün ənənəvi olan buta ornamenti motivindən, hindli və azərbaycanlı xalça ustalarının çox sevdiyi tünd-göy rəng çalarlarından özünəməxsus tərzdə istifadə etməklə dəyərli bir sənət əsəri ortaya qoyur.

Kamil Əliyevin türk xalqının böyük oğlu, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkə həsr etdiyi portret-xalı da yaradıcılığının bənzərsiz nümunələrindəndir. Bu uğurlu sənət əsəri bir çox dövlət, elm və mədəniyyət xadimlərinin diqqətini cəlb edib, sənətşünaslar tərəfindən yüksək qiymətləndirilib.

Bütün ömrünü Azərbaycana həsr edən, öz xalqının taleyində əbədi iz qoyan böyük dövlət xadimi, ulu öndər Heydər Əliyevin 75 illiyinə həsr etdiyi, ölkənin Ali Baş Komandanı kimi general libasında təsvir etdiyi portret xalça isə Kamil Əliyev sənətinin ən dəyərli nümunəsi hesab edilir. 1998-ci ildə ipək və pambıq iplikdən toxunmuş “Heydər Əliyev xalçası” forma gözəlliyi, məzmun dərinliyi, zərif toxunuşu, zəngin rəng çaları, kompozisiya quruluşu, toxunma texnologiyası və keyfiyyətinə görə diqqəti cəlb edir. Xalçada Heydər Əliyevin müdrik siması, siyasi portreti, işıqlı zəkası, mənəvi zənginliyi ilmələrin rəngarəng çalarında yüksək səviyyədə yaradılıb. Bu gün Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyinin ən qiymətli eksponatlarından biri kimi ziyarətçilərini marağına səbəb olur.

Milli İncəsənət Muzeyi və Kamil Əliyevin Ev-Muzeyində qorunub saxlanılan xalça eskizləri, onların əsasında toxunan xalçalar Azərbaycan incəsənətinin ən maraqlı örnəklərindəndir. Həmin əsərlər Xalq rəssamının istər sağlığında, istərsə də vəfatından sonra dəfələrlə həm respublikamızda, həm də ölkəmizin hüdudlarından kənarda – Paris, London, Tokio, Dehli, Ankara, İstanbul, Tehran, Moskva, Kiyev və digər şəhərlərin muzey və qalereyalarında nümayiş olunub.

Kamil Əliyev Azərbaycan xalça sənətinin inkişafı və zənginləşməsinə böyük töhfələr bəxş etmiş sənətkardır. Ümummilli lider Heydər Əliyev milli mədəniyyətimizin yaşadılması və təbliğində Kamil Əliyevin yaradıcılığını yüksək qiymətləndirərək demişdir: “Onun əsərləri Azərbaycan xalçaçılıq sənətində, rəssamlıq məktəbində daim yaşayacaq və çox görkəmli əsərlər kimi Azərbaycan mədəniyyəti xəzinəsində öz yerini tutacaq”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xalq rəssamının 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı imzaladığı sərəncam (12 oktyabr 2021) və eləcə də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin həmin sərəncamın işığında muxtar respublikada görkəmli rəssamın yubileyinin keçirilməsi ilə əlaqədar təsdiq etdiyi tədbirlər planı (16 oktyabr 2021) Kamil Əliyevin simasında Azərbaycan mədəniyyətinə verilən yüksək dəyərin bariz göstəricisidir.

Xalq rəssamı Kamil Əliyevin yaratdığı xalçalar mədəni irsimizin ayrılmaz bir hissəsi mədəni sərvətimizdir. Onun əsərləri ilə Azərbaycanın müasir xalçaçılıq sənəti bədii və texniki baxımdan zəriflik, rəng həllinə görə isə çoxçalarlılıq qazanıb, inkişaf edib. Azərbaycan təsviri və tətbiqi sənətində silinməz iz qoymuş sənətkar 1967-ci ildə “Əməkdar rəssam”, 1982-ci ildə “Xalq rəssamı” fəxri adlarına layiq görülüb. 1999-cu ildə isə “İstiqlal” ordeni ilə təltif olunub. Görkəmli sənətkar 2005-ci ilin martın 1-də əbədiyyətə qovuşub.

Kamil Əliyevin yaratdığı bir birindən gözəl xalçalar illər sonra da insanların incə zövqünü oxşayacaq. Onun yaradıcılıq ənənələri xalça sənətimizin inkişafına həmişə təkan verəcək. Azərbaycan xalçaçılığı və dekorativ-tətbiqi sənəti ənənələrinin yaşadılmasında və inkişafında misilsiz xidmətləri olan Kamil Əliyev milli mədəniyyət salnaməmizin iftixarları sırasında özünə əbədi yer qazanıb.

Toğrul ƏSGƏROV
Naxçıvan Dövlət Universiteti Təsviri sənət fakültəsinin III kurs tələbəsi