Kainat Gənclik Mərkəzinin layihəsi olan Beynəlxalq Uşaq Muğam Festivalı artıq 13 ildir müxtəlif ölkələrdən istedadların (16 yaşadək) üzə çıxarılmasına və dəstəklənməsinə, muğam sənətinin yaşadılması və təbliğinə, yaradıcılıq əlaqələrinə və bu sənətin tədrisi sahəsində təcrübə mübadiləsinə töhfə verir. Mövcud pandemiya şəraiti nəzərə alınmaqla müsabiqə ikinci ildir ki, distant formatda keçirilir. Bununla belə, müsabiqəyə əvvəlki illərdə olduğu kimi geniş maraq var.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Kainat Gənclik Mərkəzinin təşkil etdiyi XIII Beynəlxalq Uşaq Muğam Festivalı bu günlərdə yekunlaşıb.

Festivalın beynəlmiləl tərkibli münsiflər heyətinin sədri görkəmli tarzən, Xalq artisti, professor Ağasəlim Abdullayevdir. Eyni zamanda festivala qatılan hər ölkədən bir mütəxəssis münsiflər heyətinin üzvü olur.

Kainat Gənclik Mərkəzindən verilən məlumata görə, hazırlıq prosesi avqust ayında başlanan festivalın Təşkilat komitəsinə bu il Türkiyə, İran, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və İraqdan (Kərkük) iştirakçı ərizələri daxil olmuşdu. Ümumi seçim turları xarici iştirakçılar üçün onların videoçıxışlarının dinlənilməsi ilə baş tutub. Finalda bu ölkələrin hər birini 2 gənc istedad təmsil edib.

Festivalın Azərbaycan üzrə dinləmə-seçimləri oktyabrın 23-də keçirilmiş və 3 nəfər final mərhələsinə vəsiqə qazanmışdı.

Beləliklə, festivalın onlayn formatda gerçəkləşən finalında Azərbaycan da daxil olmaqla səkkiz ölkədən istedadların ifalarını professor Ağasəlim Abdullayevin rəhbərliyi ilə beynəlxalq münsiflər heyəti qiymətləndirib.

XIII (onlayn) Beynəlxalq Uşaq Muğam Festivalının (16 yaşadək) qalibləri:

Qran-pri (Grand Prix) mükafatı – Ədilə Əliyeva (Azərbaycan)

 

I yer

Khodaverdipour Amirreza (İran)

Berk Orenlıoğlu (Türkiyə)

Pulatova Mubinaxon (Özbəkistan)

 

II yer

Əbdürəhmanova Mənzurə (Azərbaycan)

Aray Ongargyzy (Qazaxıstan)

Xodjayev Sapa (Türkmənistan)

Abdımamunov Argen (Qırğızıstan)

 

III yer

İsayev Murad (Azərbaycan)

Gholizadeh Pedram (İran)

Gafforov Firdavs (Tacikistan)

Aidana Amantay (Qazaxıstan)

 

İştiraka görə təşəkkürnamə ilə təltif olunanlar:

Baxromov Mirzod (Özbəkistan)

Berdiyev Dayanç (Türkmənistan)

İşanquliyev Umıt (Türkmənistan)

Şıqıla Marxabatova (Qazaxıstan)

Bijan İngar (Qazaxıstan)

Pourmohseni Khiavi Salar (İran)

Mohammadi Ali (İran)