Dekabrın 10-da görkəmli iqtisadçı alim, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, professor Aqil Əliyevin (1926-2006) anadan olmasının 95 illiyi tamam oldu.

Aqil Əliyev iqtisad elminə qiymətli töhfələr verən alimlərimizdən idi. Onun elmi fəaliyyətində Azərbaycanın sosial-iqtisadi inkişafında islahatların rolu, əhalinin həyat səviyyəsinin yüksəldilməsinin aktual problemlərinin araşdırılması mühüm yer tutub.

Görkəmli alim Azərbaycanda elmi-texniki inkişafın kompleks proqramının işlənib hazırlanmasında yaxından iştirak edib, əhalinin sağlamlığının qorunması ilə bağlı iqtisadi problemlərin təhlili üzərində ardıcıl çalışıb, respublikada məhsuldar qüvvələrin inkişaf sxeminin hazırlanmasının müəlliflərindən olub.

Milli Kitabxananın əməkdaşları tərəfindən tanınmış iqtisadçı alimin 95 illik yubileyi münasibətilə “Aqil Əliyev – 95” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə alimin mükafatları, fotolar, müəllifi, redaktoru olduğu, eləcə də haqqında yazılan kitablar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr yer alıb.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Aqil_Eliyev_95/index.htm linkindən istifadə edə bilərlər.