Dekabrın 10-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 18-ci ildönümünə həsr olunan anım gecəsi keçirildi.

Gecədə mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, nazir müavini Sevda Məmmədəliyeva, dövlət və yaradıcı qurumların rəhbərləri, mədəniyyət, incəsənət xadimləri və digər qonaqlar iştirak edirdi.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev bildirdi ki, ulu öndər Heydər Əliyevin əziz xatirəsi hər bir azərbaycanlının qəlbində dərin kök salıb: “Ümummilli lider həyatını xalqının, dövlətinin rifahına həsr etmişdi. Ulu öndər hələ Azərbaycan SSR Mərkəzi Komitəsinin Birinci katibi işlədiyi dövrdə ölkəmizin neft sənayesi, kənd təsərrüfatı, habelə ziyalı potensialı və digər sahələrin daha da inkişaf etməsi üçün böyük xidmətlər göstərmişdi. Tarix elə gətirdi ki, ulu öndər ikinci dəfə siyasi hakimiyyətə gəldi. Böyük dövlət xadimi ölkəmizin ağır günlərində xalqın tələbi ilə hakimiyyətə gəldi və respublikamızı düşdüyü çətin vəziyyətdən çıxarılması üçün çox böyük zəhmətlərə qatlandı. Ölkənin hərtərəfli inkişafı üçün mühüm islahatlar həyata keçirdi. Bu siyasətin nəticəsidir ki, bu gün Azərbaycan qüdrətli dövlətə çevrilib”.

Muxtar Nağıyev söylədi ki, ulu öndərin ən böyük xidmətlərindən biri də Azərbaycan xalqını özündən sonra etibarlı əllərə ərməğan etməsidir: “Ulu öndər sağılığında ifadə edirdi ki, bizim görə bilməyəcəyimiz işləri bizdən sonra gələnlər həyata keçirəcək. O, deyirdi ki, mən İlham Əliyevə özüm qədər inanıram. İlham Əliyev 2003-cü ildə Prezident seçildikdən sonra Azərbaycan xalqına vəd etdiyi bütün sözləri həyata keçirdi. Onun rəhbərliyi ilə Ordumuz 44 günlük Vətən müharibəsində böyük Zəfər qazandı. Otuz ilə yaxın həsrətini çəkdiyimiz Qarabağ işğaldan azad edildi. İlham Əliyev Vətən müharibəsinə əsl sərkərdə kimi rəhbərlik etdi. Eyni zamanda düşmənin havadarları ilə informasiya müharibəsi apardı. Bir ildən artıqdır ki, torpaqlarımız işğaldan azad edilib. Bu gün azad olunan torpaqlarda geniş quruculuq işləri aparılır. Bu işlərin nəticəsində həmvətənlərimiz yaxın zamanlarda öz dədə-baba yurduna qayıdacaq”.

YAP-ın Mərkəzi Aparatı Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev bildirdi ki, ümummilli lider Heydər Əliyevin cismani yoxluğundan 18 il ötür: “Ulu öndər Azərbaycan tarixinin yetişdirdiyi ən nadir şəxsiyyətlərdən biridir. Bu gün Azərbaycanın hansı sahəsinə baxsaq, Heydər Əliyevin izini görərik. Heydər Əliyev haqqında danışarkən ilk növbədə onun Azərbaycan xalqına bağlılığı göz önünə gəlir. Azərbaycanın tərəqqisi və intibahı bilavasitə ulu öndərin adı ilə bağlıdır. O özündən sonra Azərbaycan xalqını parlaq Qələbələrə daşıyan İlham Əliyev kimi lider yetişdirdi. Bu gün ölkəmiz regionun ən böyük iqtisadiyyatına və Ordusuna sahib dövlətdir. İnanıram ki, Azərbaycanın gələcəyi bundan sonra da möhtəşəm olacaq”.

Çıxışlardan sonra söz musiqiyə verildi. Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (bədii rəhbər və baş dirijor – Xalq artisti Rauf Abdullayev) ilk olaraq Qara Qarayevin “Leyli və Məcnun” simfonik poemasını ifa etdi. Daha sonra orkestrin ifasında Soltan Hacıbəyovun “Karvan” simfonik lövhələri və Fikrət Əmirovun “Gülüstan Bayatı-Şiraz” simfonik muğamı səsləndi. Xatirə gecəsinə Qara Qarayevin “İldırımlı yollarla” baletindən “Final” ilə yekun vuruldu.