Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, ümummilli lider Heydər Əliyevin vəfatından 18 il keçir.

Dekabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Fəxri xiyabana gələrək Heydər Əliyevin məzarını ziyarət ediblər.

Ulu öndərin məzarı önünə Azərbaycan Respublikası Prezidentinin adından əklil qoyulub.

Azərbaycanın Dövlət Himni səsləndirilib.

Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ümummilli liderin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyublar.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edildi, məzarları üstünə gül dəstələri düzüldü.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı rəsmi “Twitter” səhifəsində paylaşım edib.

Paylaşımda ulu öndərin aşağıdakı sözləri yer alıb: "Mənim üçün öz həyatımdan, öz canımdan artıq Azərbaycanın müstəqilliyini qorumaq, onu saxlamaq, onu əbədi etməkdir”.

***

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar rəsmi “İnstagram” səhifəsində paylaşım edib.

Paylaşımda deyilir:

“Qəlbimizdə əbədi yaşayan Böyük İnsan!”.