“95%-ə yaxın tarix-mədəniyyət abidələri dağıdılmış vəziyyətdədir”

 

Monitorinqlərimizin nəticələri göstərir ki, işğaldan azad olunmuş ərazilərdə 95%-ə yaxın tarix-mədəniyyət abidələri dağıdılmış vəziyyətdədir.

Bu sözləri dekabrın 12-də jurnalistlərə açıqlamasında mədəniyyət naziri Anar Kərimov deyib. O bildirib ki, Prezident İlham Əliyev tərəfindən ötən il imzalanan müvafiq sərəncam əsasında monitorinq işləri davam edir: “Nazirlik tərəfindən nümayəndələrimiz həmin ərazilərə göndərilib. Ötən ilin noyabrından etibarən 400-dən çox tarix-mədəniyyət abidələri aşkar edilib. 150-yə yaxın yeni aşkar edilmiş abidələr var. O abidələr ki, onların adı reyestrdə yox idi. Eyni zamanda 800-dən çox mədəniyyət müəssisələri aşkar edilib. Hələ də monitorinqlər davam edir. Çünki elə ərazilər var ki, bizim nümayəndələr gedib çıxa bilməyib. Burada həm mina, həm də ərazi, landşaft çətinlikləri var. Amma bu iş davam etdirilir. Təbii ki, monitorinqlər bitəndən sonra biz nəticələri beynəlxalq təşkilatlara göndərəcəyik. Ermənistan tərəfinin cinayət məsuliyyətinə cəlb edilməsini tələb edəcəyik. Dağıdılan abidələr göstərir ki, bu, hərbi cinayətdir. Bu, bəşəriyyətə qarşı cinayətdir."

Anar Kərimov diqqətə çatdırıb ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ölkəmizin digər bölgələrində, eləcə də Bakı və ətraf qəsəbələrdə abidələrin bərpası ilə bağlı monitorinqlər keçirir.

"Həmin abidələrin bəzilərində balans məsuliyyəti yoxdur və onların bərpası ilə bağlı maliyyə ayrılmalıdır ki, biz bərpa işlərini aparaq. Hər bir halda o abidələrlə bağlı da monitorinqlər aparılır. Tədricən bunlar hamısı bərpa ediləcək. Sadəcə indi əsas prioritet Qarabağdakı irsimizə yönəlib. Ancaq bu, o demək deyil ki, biz onları həmişə diqqətdən kənarda qoyacağıq. Onlar da tədricən bərpa olunacaq", – deyə o vurğulayıb.