Dekabrın 10-da Ankaradakı Şuşa Konfrans Mərkəzində Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıçın “44 gün Vətən müharibəsi, Hulusi Kılıç informasiya cəbhəsində” adlı kitabının nəşrinin təqdimatı keçirildi.

Təqdimat Azərbaycanın Türkiyədəki Səfirliyi və Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu (TADƏHF) tərəfindən təşkil olunmuşdu.

Tədbirdə Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, TADƏHF-in rəhbəri professor Aygün Attar, Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov, Moldovanın Türkiyədəki səfiri Dimitri Croitor, millət vəkili, TBMM-də Türkiyə-Azərbaycan dostluq qrupunun sədri Şamil Ayrım, Azərbaycanın Əməkdar rəssamı, İstanbulun Yeditəpə Universitetinin professoru Teymur Rzayev, Türkiyə Xarici İşlər Nazirliyinin məsul əməkdaşı İsmayıl Hakkı Musa, Türkiyə-Azərbaycan İşgüzar Şurasının (DEİK) sədri Selçuk Akat, ictimaiyyət nümayəndələri, media mənsubları iştirak edirdi.

Öncə Azərbaycanın və Türkiyənin Dövlət himnlərinin səsləndirildi.

Səfir Rəşad Məmmədov çıxış edərək bildirdi ki, Azərbaycanın “Dostluq” ordeninə layiq görülmüş Hulusi Kılıç bu dostluğa sadiqliyini, hər zaman olduğu kimi, 2020-ci ilin Vətən müharibəsi dövründə də, ölkəmizin haqq işinin dünya miqyasına çıxarılmasına dəstək verməklə nümayiş etdirib.

Səfir Dimitri Croitor qeyd etdi ki, Hulusi Kılıç yalnız Azərbaycanın dostu deyil, eyni zamanda Türkiyə-Moldova münasibətlərinin inkişafına böyük əmək və səy göstərən təcrübəli diplomat, gözəl insandır.

Mərasimdə çıxış edən Hulusi Kılıç diplomatik fəaliyyətində hər zaman can Azərbaycanın ərazi bütövlüyünü diqqətdə saxladığını bir daha vurğuladı.

Təqdimat mərasimi zamanı ötən il dekabrın 10-da Bakıda keçirilən Zəfər paradı, Prezident İlham Əliyevin səfir Hulusi Kılıça Azərbaycanın “Dostluq” ordenini təqdim etməsi, “44 gün Vətən müharibəsi, Hulusi Kılıç informasiya cəbhəsində” kitabının Bakı təqdimatı barədə videomateriallar nümayiş etdirildi.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və “YAŞAT” Fondunun rəhbəri, Vətən müharibəsi qazisi Elvin Hüseynov videogörüntü ilə təqdimata qoşularaq xoş sözlərini çatdırdılar.

Tədbirdə o da bildirildi ki, kitabın satışından əldə olunan vəsait Hulusi Kılıçın təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı əsasında yaradılmış “Yaşat” Fonduna ianə olunur.

Sonda kitabın imzalanma mərasimi keçirildi.

Mehparə SULTANOVA
Ankara