Dövr dəyişir, texnologiya sürətlə inkişaf edir. Bu zaman axınında kitab mütaliəsində də dəyişikliklər baş verir. Görmə məhdudiyyətli insanlar, eyni zamanda kitabları audio formatda dinləməyi sevənlər üçün Azərbaycanda layihə hazırlanıb. "Audiokitab” layihəsinin əsas məqsədlərdən biri görmə məhdudiyyətli insanlar üçün mütaliənin əlçatanlığının təmin edilməsidir.

"Audiokitab”ın rəhbəri Əhliman Ərşadlı deyir ki, layihəyə 2015-ci ildən başlayıblar: "Klassik ədiblərdən müasir yazarlara qədər Azərbaycan və dünya ədəbiyyatı nümunələrini səsləndirib portala daxil etmişik. Portalda təkcə bədii ədəbiyyat deyil, tarixi, texniki, hüquqi ədəbiyyat da toplanıb. Bundan başqa,  uşaq ədəbiyyatı, VII-XI siniflər üçün ədəbiyyat dərslikləri səsləndirilib. Hər kəs rahatlıqla İOS və Android platformalarında olan "Audiokitab” mobil tətbiqini yükləyib, 700-ə yaxın audiokitab və 1200-dən çox əsəri dinləyərək, layihədən yararlana bilərlər”.

Layihənin ən maraqlı tərəfi, həm də mühüm uğuru Qarabağın ilk regional radiokanalı olan "CBC FM”də – 102.7 MHs işçi tezliyində "Auidiokitab”dan əsərlərin yayımlanmasıdır.

"Audiokitab” layihəsinin əsas məqsədlərindən biri də xaricdə yaşayan soydaşlarımız üçün ana dilində ədəbiyyatın əlçatan olmasını təmin etməkdir. Sosial şəbəkələrdə onların layihə ilə bağlı xoş rəyləri işin nəticəsinin əks-sədasıdır.

Tətbiq çox rahat şəkildə telefona pulsuz yüklənir. Axtarış bölməsindən fondda olan istənilən kitabı  tapmaq mümkündür. Burada olan kitabların 95 faizini pulsuz, müəyyən qismini isə simvolik məbləğdə ödəniş etməklə dinləmək mümkündür. Lakin görmə məhdudiyyətli şəxslər promokod vasitəsilə bütün əsərləri pulsuz dinləyə biləcəklər.

"Audiokitab”ın mətbuat katibi Əşrəf Haşımoğlu deyir ki, bu layihədə daha çox görmə məhdudiyyətli insanların istəkləri nəzərə alınır. Əşrəfin özü də görmə məhdudiyyətli şəxsdir. Deyir ki, bizim "votsap” qruplarımız var. Orda hər bir yeni əsər və eyni zamanda da qiraətçilərin səsi, intonasiyası müzakirə olunur. Onlar elə müzakirə vaxtı dinləmək istədikləri əsərlərin adlarını bildirir və həmin əsərlər fondda artıq mövcuddursa, portala yerləşdirilir, yoxdursa, səsləndirilir.

Bundan başqa, orta məktəblərin ibtidai siniflərində sinifdənxaric oxu zamanı "Audiokitab”ın əsərlərindən istifadə olunur. Məktəblilər həmin əsərləri həvəslə dinləyirlər.

Qeyd edək ki, “Audiokitab” bu yaxınlarda keçirilən VII Bakı Beynəlxalq Kitab Sərgisində də iştirak edib və ziyarətçilərdə böyük maraq doğurub.