Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dekabr ayında nümayişi nəzərdə tutulan əksər tamaşalara biletlər satılıb. Bu barədə Akademik Musiqili Teatrın mətbuat xidmətindən bildirilib.

“Sevindirici haldır ki, iki ilə yaxın yorucu fasilədən sonra teatrımıza bu qədər tamaşaçı axını var. Bir-birindən baxımlı səhnə əsərlərinə tamaşaçıların artan marağından da hiss olunur ki, onlar teatrdan ötrü çox darıxıblar”, – deyə məlumatda vurğulanır.

Dekabrın sonlarında oynanılacaq “Paris Notr-Dama ithaf” (V.Hüqo, səhnələşdirən: S.Qulamov) tamaşasına biletlər artıq bir ay öncədən satılıb qurtarıb. “Mən dəyərəm min cavana” (F.Sücəddinov, T.Vəliyeva), “Baladadaşın toy hamamı” (Elçin), “999-cu gecə” (F.Əmirovun musiqiləri əsasında) səhnə əsərlərinə də "İticket.az" onlayn bilet satışı portalında bilet tapmaq mümkün deyil. “Bir nəfəs qədər” (səhnələşdirən: S.Qulamov) və “Beş manatlıq gəlin” (S.Rüstəmov, M.S.Ordubadi) tamaşalarının premyeralarına da demək olar ki, biletlər qalmayıb.  

Qeyd edək ki, teatrda uşaqlar üçün də tamaşalar bərpa olunub. Dekabrın 29-dan yanvarın 4-nə qədər gündə iki seans olmaqla, balaca teatrsevərlər üçün nağıl-tamaşalar nümayiş olunacaq.

Məlumatda həmçinin qeyd olunur ki, Akademik Musiqili Teatrın tamaşalarına bilet tapmaqda çətinlik çəkən tamaşaçıların çoxsaylı müraciətləri nəzərə alınaraq onların zövqlərinə uyğun səhnə əsərləri növbəti aylarda da göstəriləcək. Bu barədə teatrın rəsmi saytı və sosial şəbəkə hesablarında məlumatlar veriləcək.

Biletləri şəhərin teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən, eləcə də “iticket. az” saytından əldə etmək olar.

Xatırladaq ki, tamaşaçılar yalnız “COVID-19 pasportu” və bu virus əleyhinə peyvəndə “Əks göstəriş sertifikatı” ilə teatra buraxılır. Teatr zalında tibbi maskadan istifadə olunmalıdır.